Fransa alimləri epilepsiya xəstəsinin beynini modelləşdirən, xəstəliyin diaqnostikasına və müalicəsinə kömək edəcək proqram hazırlayıb. Virtual beyin xəstəliyin necə inkişaf etdiyini və hansı terapiyanın daha uyğun olacağını anlamağa imkan verir.

Unikal.org-un Azərtac-a istinadən verdiyi məlumata görə, tədqiqatçılar fərdiləşdirilmiş virtual beyin yaradıblar. Bütün modellər üçün ümumi olan bazaya xəstənin fərdi məlumatları, o cümlədən beynin müxtəlif şöbələrinin necə təşkil olunduğu və bir-biri ilə necə birləşdiyi barədə məlumat əlavə edilir. Alimlər beyin fəallığının riyazi modellərindən istifadə etməklə, virtual beynin köməyi ilə konvulsiyanın haradan başlandığını və necə yayıldığını müəyyənləşdiriblər. Buna əsaslanaraq, xəstəliyin necə təzahür edəcəyini proqnozlaşdırmaq və daha dəqiq diaqnoz vermək mümkündür.

Bundan əlavə, epilepsiya xəstələrinin təxminən 30 faizi yalnız cərrahiyyə üsulu ilə müalicə edilə bilər, çünki onların xəstəliyi artıq dərmanlıq deyil. Əməliyyat yalnız o halda səmərəli ola bilər ki, cərrah konkret halda nə etməli olduğunu yaxşı bilir. Virtual beyin həkimlərə əməliyyata hazırlaşmaq imkanı verəcək. Bu proqram vasitəsilə beynin əməliyyatlı müdaxiləyə necə reaksiya verəcəyini və əməliyyatın nəticəsini fərz etmək mümkündür. Bütün bunlara əsasən, həkimlər konkret xəstə üçün optimal olanı seçə biləcəklər.

Hazırda virtual beyin kliniki təcrübə mərhələsindədir. Alimlər onu təkcə epilepsiya deyil, insult, səpələnmiş skleroz, alsheymer və digər beyin xəstələri üzərində təcrübədən keçirirlər. Uzunmüddətli perspektivdə tədqiqatçılar pasiyentləri məhz onların xəstəliyi üçün işlənib hazırlanan fərdiləşdirilmiş terapiya ilə təmin etmək istəyir.