Minskdəki Müstəqillik Sarayında Belarus prezidenti Aleksandr Lukaşenko ilə İran prezidenti Məsud Pezeşkian arasında görüş keçirilir.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Pezeşkian Lukaşenko ilə danışıqlar zamanı bildirib ki, Minsk və Tehranın qlobal əhəmiyyətli məsələlərdə ümumi mövqeləri və baxışları var.
İran prezidenti Avrasiya İqtisadi Birliyi, BRİKS, ŞƏT kimi təşkilatlar çərçivəsində əldə olunan razılaşmalara da diqqət çəkib. Onun fikrincə, bu strukturlar sayəsində İran və Belarus təkcə çoxtərəfli deyil, həm də ikitərəfli münasibətləri inkişaf etdirə bilər.
O xatırladıb ki, Qərb 40 ildən artıqdır ki, İrana qarşı müxtəlif məhdudlaşdırıcı tədbirlər həyata keçirir. Belarus da uzun müddətdir ki, Qərbin sanksiyaları altındadır. İran prezidentinin sözlərinə görə, ABŞ və onun dünya üzrə müttəfiqlərinin belə birtərəfli destruktiv yanaşması qəbuledilməzdir.
Lukaşenko bildirib ki, Belarus İranla ərzaq tədarükü sahəsində əməkdaşlıqdan tutmuş hərbi-texniki sahəyə qədər istənilən məsələni müzakirə etməyə hazırdır: "Siz bizim dostumuz olmusunuz və belə də qalırsınız. Biz İran Respublikası qarşısında bütün öhdəliklərimizi yerinə yetirməyə sadiqik. Siz dostlarınızın yanına gəlmisiniz və hiss etməlisiniz ki, burada dostlarınızın yanındasınız. Razılaşdırılmış şərtləri yerinə yetirməkdə hər hansı çatışmazlıqlarımız olarsa, düşünürəm ki, bu gün səmimi və mehriban söhbət zamanı bu məsələləri müzakirə edəcəyik".
Ağarza Elçinoğlu