Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə avqustun 15-dən 19-dək internet vasitəsilə ixtisas seçimi elan edir.

Unikal.org trend-ə istinadən xəbər verir ki, ixtisas seçim cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə iyulun 5-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.

Müsabiqədə ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent jurnalının 5-‘ci sayında dərc olunub.

Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent jurnalının 8-ci sayında dərc olunub.