"İran İslam Respublikası heç bir hərbi bazasını Rusiyanın sərəncamına verməyib".
Unikal.org report-a istinadən bildirir ki, bunu İran parlamentinin sədri Əli Laricani ölkənin İslamabad-e-Qərb şəhərini təmsil edən deputat Heşmətullah Falahatpişenin müvafiq sualına cavabında deyib.
Deputat bildirib ki, ölkə konstitusiyasının 146-cı maddəsinə əsasən, hətta dinc məqsədlərlə belə xarici dövlətlərə İranın hərbi bazasından istifadə qadağandır.
Qeyd edək ki, avqustun 16-da Rusiyanın "Tu-22M3" və "Su-34" bombardmançı təyyarələri İranın Həmədan bölgəsində hərbi aerodromundan qalxaraq, Suriyanın üç əyalətində terrorçu İŞİD qruplaşması və "Cebhat-ən-Nusra"nın mövqelərinə zərbə endiriblər.
İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani isə Suriyada terrorçuluğa qarşı mübarizə aparmaq üçün şuranın infrastrukturunu Rusiyanın istifadəsinə verəcəyini söyləmişdi. Onun sözlərinə görə, Suriyada terrorçuluğa qarşı mübarizə aparmaq üçün Moskva ilə Tehran arasında strateji tərəfdaşlıq anlaşması mövcuddur. Katib bu tədbirin həmin razılaşma çərçivəsində reallaşacağını bildirmişdi.