"Prezident Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşdə çox açıq və səmimi müzakirə apardıq. Türkiyə Prezidentinə dəstəyimizi ifadə etdik, çevriliş cəhdini qınadıq. Türkiyə demokratiyasının qalib gəlməsini alqışladıq. Türkiyə vətəndaşlarının öz dövlətlərini və demokratiyalarını qorumaq üçün etdikləri fədakarlıqları yüksək qiymətləndirdik". Unikal.org bildirir ki, bunu Trend-ə açıqlamasında Türkiyədə ATƏT Parlament Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində səfərdə olan Milli Məclisin deputatı, qurumun vitse-prezidenti Azay Quliyev deyib.
A,Quliyevin sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətini tam əmin etdi ki, Türkiyədə insan haqları və qanunun aliliyi qorunacaq, məhkəmələr tərəfsiz olaraq obyektiv şəkildə bütün bu halları araşdıracaq. Günahı olanlara layiq olduqları cəza veriləcək, günahsız olanlar da azad ediləcək.
A.Quliyev deyib ki, bütün görüşlərdə birmənalı olaraq Türkiyədə hərbi çevrilişə cəhdi qınayıblar, Türkiyə hökumətinin, dövlətinin və xalqının yanında olduqlarını bildiriblər: "ATƏT PA nümayəndə heyəti Türkiyədə baş verən hadisələr zamanı törədilmiş cinayətin açıq qalmaması, cinayəti törədənlərin ədalətli bir şəkildə mühakimə olunması barədə Türkiyə hökumətinin bəyanatını anlayışla qarşıladığını bəyan edib. ATƏT PA olaraq Türkiyə hökumətinin bu yanaşmasını böyük anlayışla qarşıladıq. Türkiyən iqtidarı və müxalifəti ilə keçirdiyimiz görüşlərdə hamı birmənalı şəkildə hərbi çevrilişə cəhdin arxasında FETÖ terror təşkilatının olduğunu dedi. Bu baxımdan da mən hesab edirəm ki, bu işi təşkil edənlər qısa müddətdə ədalət mühakiməsinə çıxarılmalı və layiq olduqları cəzanı almalıdırlar".