Sürücülər diqqətli olun!
Havaların isti keçməsi asfaltın əriməsinə və yolların təhlükəli olmasına səbəb olub

Son dövrlər havaların həddindən artıq isti olması bir sıra problemlərə yol açmağa başlayıb. Xüsusən də sürücülərin diqqətli olmaları lazımdır.
Çünki havaların isti keçməsi səbəbindən yollardakı asfaltın əriməsi halları müşahidə olunur. Belə vəziyyətlərdə yolların bərbad hala düşmə və təhlükəli vəziyyətlər yaratma imkanları da geniş olur.
Mütəxəssislər bildirirlər ki, son bir neçə gündə havanın temperaturunun 39 dərəcəyə qədər yüksəlməsi sürücüləri diqqətli olmağa vadar edib. Onların bildirdiyinə görə, asfalt isti havadan əridikdən sonra onun tərkibindəki mazut üzə çıxır və bu da yolların sürüşkən olmasına gətirib çıxarır. Qeyd olunur ki, xüsusilə magistral yollarda durum daha ciddidir. Ona görə ki, çölün ortasından keçən həmin yollarda hər hansı bir kölgə yoxdur və bu da asfaltın daha da qızaraq, əriməsinə yol açır.
Eyni zamanda, iri yük maşınları yumuşaq asfaltın üzərindən keçdiklərindən çuxurlar və oyuqlar yaratmağa başlayıb. Hətta bəzi magistral yollarda belə vəziyyətlərə davamlı olaraq rast gəlindiyi rəsmi qurumlara da məlumdur. Ekspertlər hesab edirlər ki, sürücülər uzaq yola çıxarkən bir sıra məsələləri nəzərə almalıdırlar. Onlardan birincisi isti havada, günorta saatlarında yola çıxmaları bir o qədər məsləhət bilinmir. Çünki belə vaxtlarda asfaltın əriməsi halları daha çox müşahidə edilir və üzə çıxan mazut qatı avtomobillərin sürüşərək qəza vəziyyəti yarada bilmə ehtimalını artırır.
İkinci tövsiyyə isə ondan ibarətdir ki, günün istisindən yolun üzərinə çıxmış mazutlu hissə ilə yüksək sürətlə hərəkət etməməkdir. Ekspertlər deyirlər ki, belə durumlarda sürücülər xüsusi ilə diqqətli olmalı və bir-birlərini gözləməlidirlər. Maşınlar arasında məsafənin 40-50 metr olmasını da məsləhət bilən mütəxəssislər vurğulayırlar ki, sürücülər anlayışlı şəkildə sükanı idarə edərlərsə, qəzaların da sayı az olar.
Bildirək ki, yayın sonlarına qədər havaların isti keçəcəyi proqnozlaşdırılır. Ailəvi olaraq Bakının istisindən qaçanlar bəzən yollarda mühüm cəhətləri nəzərə almadan hərəkət edirlər ki, buna yol vermək olmaz. Ona görə də, həm özünüzün, həm də ailə üzvlərinizin salamat qalması və sağlıqla ünvana çatması naminə diqqətli olmağınız gərəkdir.

Savalan