40 gündür aramızda olmayan bir şəhidimiz var. O şəhid ki, ömrüboyu ölümün gözünə dik baxıb, hər an canından keçməyə hazır olub...

...Azərbaycanın mərd oğlu, baş leytenant Toğrul Məmmədovun ata ocağına- Babək rayonunun Şıxmahmud kəndinə yol alırıq. Həmişə əlimdə tutduğum qələmim də, kağızım da sanki məndən gizlənib. Göz yaşlarımı güclə saxlayıram. Saxlayıram ki, heç kim görməsin. Şəhidə ağlamazlar. Çünki onlar ölmürlər. Ölməz üçün ağlamazlar. Həftədə bir neçə dəfə yanından ötüb keçdiyim kənd bu səfər gözümə ayrı görünür. Elə bil ki, öz şəhidi ilə qürurlanır. Deyir ki, bax, suyumdan içən, üstümdə gəzən Toğrul məni qoruyub, canından keçib şəhid olub.

...Toğrul 1988-ci ilin iyul ayının 26-da ziyalı ailəsində dünyaya göz açmışdı. İlk təhsilini Şıxmahmud kənd tam orta məktəbində almışdı. Uşaqlıqdan vətənpərvərliyi ilə seçilən Toğrul 2002-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdu. 2005-2009-cu illərdə ali hərbi təhsilini uğurla başa vurub təyinatla Ağdamda "N hərbi hissədə xidmətə başlamışdı. Nümunəvi hərbi xidməti ilə seçilən Toğrul bir çox mükafatlara layiq görülmüşdü. 2014-cü ilin avqust ayında xidməti vəzifəsini yerinə yetirərkən yaralanan Toğrul bu il aprel döyüşlərində düşmənlə qəhrəmancasına vuruşmuşdu. İyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində o, şəhidlik zirvəsinə ucaldı.



...Şəhid qardaşım Toğrul! Ata ocağında Azərbaycan bayrağı dalğalanır. Evinizdə hamının gözlərində hüznlə qarışıq bir qürur duyulur. Çünki şəhidliyin qüruru kədərindən böyükdür. Çünki ŞƏHİD adını qazanmaq üçün Vətəni, sadəcə, sevmək yetərli deyil. Onu canından çox sevməlisən, həm də hər bir qarışını sevməlisən. Daşını, qayasını sevməlisən, gülünü-çiçəyini sevməlisən. Onda üstündə gəzdiyin, suyunu içdiyin, çörəyini yediyin, havasını udduğun torpaq Vətən olur.

Şəhidlik Toğrul üçün əlçatmaz zirvə idi, Vətən uğrunda ölmək böyük şərəf idi. Bu səbəbdən qaçmadı silahların qabağından. Bir gecədə yol aldı şəhidlik zirvəsinə, mübarizliyi ilə səs verdi Vətəninin səsinə,- bunları qardaşın Üzeyr deyir. O, sənin bu Vətəni - Azərbaycanımızın hər bir qarışını necə sevdiyindən danışır. Gözləri dolur. Dərindən kədərlənir. Amma qürurlu olduğunu da duymaq çətin deyil. Nişanlı bacın isə səssizcə bir kənarda oturub. Ürəyindən nələr keçir görəsən? Qardaş itkisindən böyük ağrı olarmı? Özü də ata əvəzi olan qardaş...Dönüb bir də bacının üzünə baxıram. Bir məğrurluq görürəm.

...Onlara çox sual vermirəm. Görünən dağ bələdçi istəməz. Ata-anasını vaxtsız itirən Toğrul özündən balaca qardaş və bacısına həm ata, həm də ana idi. Ailə həyatı qurmaq barədə düşünmürdü. Bir arzusu var idi: bacısını gəlin köçürsün, qardaşına gəlin gətirsin. Qismət olmadı. Onlar qardaşlarını yox, həm də ata və analarını itiriblər. Amma sən elə şəhidlik zirvəsinə ucalmaqla qardaş-bacına ən böyük mükafatı verdin. Sənin yoxluğun onlara ağır dərd olsa da, səninlə, şəhidliyinlə də bir o qədər qürur duyurlar. Divardan asılan fotonda lal-dinməz bizə baxırsan. Gözlərində düşmənə qarşı bir haray var. Öz-özümə "Nigaran qalma, qəhrəman, - deyirəm. Sənin şəhidliyinin nuru bacı və qardaşının yoluna işıq salacaq. Sən torpaq uğrunda canından keçdin. Unutmaz bu torpaq, bu vətən səni. Qarabağın azad olunmasına çox az qalıb, mənfur düşmən öz qanında boğulacaq, sənin və sənin kimi yüzlərlə şə¬hidimizin qanı yerdə qalmayacaq. Əgər siz olmasaydınız, yurd da olmazdı, Vətən də. Siz dövlətimizi üçün polad körpüsünüz, həm də sınmayan, əyilməyən, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü qədər ağır bir yükü dünənimizdən bu günümüzə ötürən qəhrəmanlıq körpüsü...



Yazdıqlarım Toğrul Məmmədovun bir insan, bir oğul və bir vətəndaş kimi etdiklərinin qarşısında çox azdır. Onun yaşadığı ömür kimi. Ancaq o, bu az ömrü əsl vətəndaş kimi yaşadı. Vətəndaş və şəhid kimi bu dünya ilə vidalaşdı. Mən də onun ata ocağıyla vidalaşıram. Ancaq bu qapıya yəqin ki, yenə yolum düşəcək. Tək mənim yox, Toğrul kimi vətənpərvərləri sevən bütün insanlar Üzeyirin, bacısının yanında olmaq, onların şad günlərini görmək üçün...

Yol boyu bir mahnı ürəyimdə səslənir:

Çox sınadı bizi zaman, Neçə şəhid getdi qurban. Sinəsiylə sipər olan,
İgid əsgər, möhkəm dayan!

Ya azad ol, ya candan keç,
İki yoldan birini seç.
Azadlığın şərbətin iç,
İgid əsgər, möhkəm dayan!
Allah bütün şəhidlərimizə rəhmət eləsin-¦

Sara Əzimova (Qafqazinfo)

40 gün əvvəl şəhid olan Toğrulun hekayəsi -  Nə atası var, nə anası...

40 gün əvvəl şəhid olan Toğrulun hekayəsi -  Nə atası var, nə anası...