Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, avqustun 20-də saat 20:00 radələrində Xızı rayon Qarabulaq bələdiyyəsinə məxsus torpaq sahəsində baş vermiş yanğın havanın küləkli olması səbəbindən geniş ərazini əhatə edərək Qarabulaq meşəbəyliyinin 5 saylı dolayına keçib.
Yanğının qarşısının alınması məqsədilə ETSN-nin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin (FHN) Xızı rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə gedib. Eyni zamanda hadisənin ciddiliyi nəzərə alınaraq, ETSN-nin müvafiq qurumları fövqəladə iş rejiminə keçib, nazirliyin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları ilə birlikdə 100 nəfərədək əməkdaş yanğının söndürülməsinə cəlb olunub. Ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə olunub. O cümlədən nazirliyin yerli meşə idarələrinin və Altı ağac milli parkının işçiləri vedrə və su tutumu olan qablardan istifadə edərək yanğının söndürülməsində iştirak ediblər. Nazirliyin əməkdaşlarının fədakarlığı, şücaəti və ciddi səyləri nəticəsində çətin şəraitdə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın gecə saat 2 radələrində tam olaraq söndürülüb.
Qeyd edək ki, yanğın Xızı rayonunun Qarabulaq bələdiyyəsinə məxsus təxminən 215 hektar ərazini əhatə edib. Alovun meşə fondu sahəsinə keçməsinin qarşısı ETSN və Təbii Sərvətlər Nazirliyinin işçilərinin və FHN-nin Xızı rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının ciddi səyləri ilə alınıb. Yalnız 50 sota yaxın meşə sahəsində quru ot örtüyü, kol-kos yanıb. Həmin ərazidəki ağacların yarpaqları ütülsə də, onlara ciddi ziyan dəyməyib.
ETSN bildirir ki, meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin çox böyük əksəriyyəti insanların odla ehtiyatsız davranışı, taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin etinasızlığından irəli gəlir: "Təəssüf ki, insanlar təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və yarana biləcək fəsadları hesablamırlar. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər. Havaların isti və quraq keçməsi ilə əlaqədar nazirlik təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.