Unukal.org Publika.az-a istinadən bildirir ki, Bakıda avtobusların bir hissəsinin dəyişdirilməsi bəzi sərnişinlərə rahatlıq bəxş etsə də, öyrəşdiyimiz şəhər marşrutunun klassikasına çevrilmiş bəzi şeyləri unutmaq qeyri-mümkündür. Üstəlik də şəhərimizdə belə avtobus xətləri hələ də kifayət qədərdir.

"Mehribanlaşın!"
 

Bu cümləni eşitməyən avtobus sərnişininin Bakıda tapılması qeyri-mümkündür. Biz hamımız həyatımızın müəyyən məqamında tanımadığımız adamlarla "mehribanlaşmaq" məcburiyyətində qalmışıq. Bu faktdır - danılmaz, sökülməz, əyilməz, bükülməz, ancaq olduqca kədərli fakt....
 
Əsəbi avtobus sürücüsü
 
Bu, çox müəmmalı məsələdir. Səhər saat 8-də insanın bu qədər əsəbi olması üçün ya evdən çörək yemədən çıxması ehtimalı var, ya da... Amma hər nədirsə, hər gün eyni əsəb dalğasında sizi qarşılayan sürücü mütləq həyatınızın bir küncündə sizi gözləyir. Siz onun döngələri əsəblə dönməsi, şossedə istədiyi kimi "avtoşluq" etməsinə göz yummalı, səbr və dualarla evinizə gəlməli olursunuz. Lakin kimsə "ay kişi "kartof-soğan" aparmırsan e, insan aparırsan," - deyib, sürücüyə qarşı üsyan da qaldıra bilər. 
 
Hər şeyə qarışan xalalar
 
Orta yaşlı xanımlar arasında avtobusa minəndən düşənə qədər dayanmadan deyinən, məsləhət verən, gəncləri tənqid edən, yerli-yersiz kefinizi pozan qadınlar da təəssüf ki, bu klassikanın bir parçasıdır. Onlara yer verməsəniz, sizi xalq düşməni elan edir, el arasında rüsvay edib, "payınızı verir" və özlərini istənilən halda haqlı sayırlar. Əksini sübut edə bilməzsiniz, cəhd etməyə dəyməz. 
 
Qoxusuyla "feyziyab" edənlər
 
Normal həyat sürdüyünə özünü inandırmaq üçün beynində bütün həyatını alt-üst edib, tutarlı səbəblər tapmağa çalışırsan və...  bir insan gəlir dayanıri yanında. Tərinin qoxusunu avtobusdan çıxıb, yüksək sürətlə evə doğru qaçsan da, uzun müddət üzərindən ata bilməyəcəksən. Hə, indi tap bir tutarlı səbəb ki, tapasan...
 
Dayanacaq söz-söhbəti
 
"Adam minəndə dayanacaqsız saxlayırsan, düşəndə niyə saxlamırsan?" cümləsiylə baş qaldıran üsyan bütün avtobusa yayıla, böyük "xalq hərəkatı"na çevrilə bilər.
 
Pik saatlar
 
Hər kəsin işdən çıxdığı saatlar avtobuslarda hər cür əhvalatın yaşandığı zamandır. Dayanacaqda saxlayan sürücüylə dalaşan avtobusdakı sərnişinlər tez-tez ya sürücü, ya da avtobusa minməyə çalışan vətəndaşlardan bu sözü eşidirlər: "Ay bacı(qardaş) hamı evinə getmək istəyir də!!!"  
 
Telefonla qışqıra-qışqıra danışanlar
 
Siz onların bütün ailə, iş problemlərinə qulaq asmaq, yolboyu qışqıraraq apardıqları telefon söhbətlərinə qulaq yoldaşı olmaq məcburiyyətindəsiniz. 
 
Qulaqlıqlarından konsert verənlər
 
Bu insanları incitməyin, xətirlərinə dəyməyin, amma yanlarında da oturmağınız məsləhət deyil. Yuxarıda və aşağıda qeyd etdiyimiz bütün şeylərdən bezən bu insanlar xilası qulaqlıqlarda tapsalar da, bəzən o qədər yüksək səslə musiqi dinləyirlər ki, bütün avtobus sayələrində konsertə qulaq asmalı olur. 
 
"Düşərsən!"

Avtobusda pulun kimin verməsi üzərində tanışlar arasında gedən "şirin mübahisə" də bir klassikadır. 20 qəpiyi verməyin davası saniyələr, ən pis halda dəqiqələr apara bilər.  "Düşərsən" sözünü eşitmək hər adama xoş olsa da, uzaq yol gedənlər sürücünün bunu unudacağından da narahatlıq keçirirlər. 
 
Kitab oxuyanlar
 
Siyahını pozitiv bitirmək lazımdır. Avtobuslarda kitab oxuyanlara da rast gəlirik. Bir çox hallarda bu tələbələr olsa da, mütaliə edən vətəndaşları da müşahidə edə bilirik. Onların sayının daha çox olacağına ümid edirik.