"Türklərlə misirlilər arasında düşmənlik yaradacaq bir hal yoxdur".
Unikal.org "Report"a istinadən xəbər verir ki, bunu Misir prezidenti Abdufettah Əs-Sisi ölkəsinin rəsmi qəzetləri kimi tanınan "El-Ehram","Ahbar" və başqa qəzetlərə müsahibəsində bildirib.
"Misirlə bağlı siyasətini nəzərdən keçirməsi üçün Türkiyə hökumətinə lazım olan qədər vaxt veririk. Rəsmi Ankara tərəfindən verilən bəyanatlara beynəlxalq əlaqələr və Misir mədəniyyəti çərçivəsində sadəcə olaraq, qarşılıq veririk", - deyə Sisi vurğulayıb.
Xatırladaq ki, iyunun sonunda Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Türkiyənin rəsmi Qahirə ilə münasibətləri yaxşılaşdırmaq istiqamətindəki səyləri alqışlanmış, ancaq Türkiyədən prosesin başlanğıc nöqtəsi kimi ölkənin keçmiş prezidenti Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasının legitimliyini tanımaq tələb edilmişdi:
"Misir xalqının 2013-cü il iyunun 30-da göstərdiyi iradənin (Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasına gətirib çıxaran kütləvi aksiyalar nəzərdə tutulur - "REPORT" ) və ölkəyə rəhbərliyi öz üzərinə götürmüş iqtidarın legitimliyinin qəbul edilməsi vacibdir. Bu tanınma Türkiyə-Misir münasibətlərinin inkişafı üçün başlanğıc nöqtəsi olacaq".
Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım bir neçə dəfə, o cümlədən avqustun 20-də xarici ölkələrin mediasına müsahibəsində Misirlə də münasibətləri normallaşdırmaq niyyətində olduqlarını bildirib.