Digər enerji obyektlərində olduğu kimi "Bakı İstilik Elektrik Mərkəzində (İEM) də mövsümi tədbirlər vaxtlı-vaxtında icra edilir. Bu da öz növbəsində istehsal prosesinin dayanıqlığını daha da artırır və nəticədə texniki-iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir.
"Azərenerji ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, "Bakı İEM-də cari ilin iyul ayında 40 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, bu energetika müəssisəsində 2016-ci ilin 7 ayı ərzində isə 269,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Yeri gəlmişkən, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ili son üç ayı ərzində pik boylerdə, qaz-turbin qurğularının avadanlıqlarında, kompressor təsərrüfatında, dəniz suyu xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda qaz-turbin qurğularını işə salan elektron blokunun platası yenisi ilə əvəz edilmişdir. Bütün bunlarla yanaşı 110 kV-lik yarımstansiyanın da ərazisində müxtəlif təyinatlı təmir işləri aparılmış və transformator təftiş edilmişdir. Eyni zamanda elektrik mühərriklərində və digər köməkçi avadanlıqlarda da təmir işləri yerinə yetirilmişdir. Aparılan işlərin siyahısı ümumilikdə kifayət qədər zəngindir.
Mənbəyə istinadən onu da qeyd edək ki, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın su çəni, nasos qurğusu, su kəməri şəbəkəsi və digər avadanlıqlar yoxlanılmış, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və daimi nəzarətdə saxlanılır. Eyni zamanda təzyiqi düşmüş yanğın öd söndürənlər yenisi ilə əvəzlənmişdir. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri keçirilir.
Sonda onu da qeyd edək ki, burada mövsümə hazırlıq məqsədilə tədbirlər planında nəzərdə tutulmuş işlər qrafikə uyğun davam etdirilir.
Xatırladaq ki, "Bakı İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.