Unikal.org "Region TV"yə istinadən xəbər verir ki, Babadağdan axıb gələn və bulaq sularından yaranan Girdiman çayında suyun rəngi və dadı dəyişib, sudan qeyri-adi qoxu gəlir. Hətta çayın içərisindəki daşlar da göy rəngə boyanıb. Təhlükəli vəziyyət çayın suyundan istifadə edən İsmayıllının Gəraybəyli, Xəlilli, Eyyubbəyli və Ağsu və rayonun Külüllü, Pirhəsənli, Padar, Nəmirli, Gursulu, Kəlağaylı, Sarvan, Qasımlı, Bəyimli, Mustafalı kəndlərinin sakinlərini qorxuya salıb.
Sakinlərin sözlərinə görə, on gün əvvəl çaydan əvvəlcə köpüklü, sonra göy rəngdə çirkli su axmağa başlayıb. Qeyri-adi iyə malik çirkli su hələ də gəlməkdə davam edir. Rayon ərazisində zavod və fabrik olmadığı üçün ehtimal olunur ki, İsmayıllı rayonunun şimalındakı meşəlik ərazilərdə, Girdiman çayının kənarında fəaliyyət göstərən istirahət mərkəzləri tərəfindən qanunsuz olaraq bu çaya camaşırxana və kanalizasiya tullantıları axıdılır.
Zəhərli toksik maddələrin axıdıldığı su insanların sağlamlığına öz təsirini göstərməyə başlayıb. Gəraybəyli kəndində 15-ə yaxın sakin mədə-bağırsaq problemi, işləmə-qusma əlamətləri və dəri xəstəlikləri ilə bağlı həkimə müraciət edib.
Sakinlərin sözlərinə görə, sudan istifadə etmək mümkünsüz hala çevrildiyindən onlar suyu almaq məcbiriyyətindədirlər.
Suyun tərkibinin yoxlanılması və bunun insan sağlamlığına hansı təsirinin olub-olmadığını müəyyən etmək üçün aidiyyəti qurumlara müraciət edilib. Vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə milli monitorinq departamentinin və Regional ekologiya söbəsinin əməkdaşları ərazidə kompleks monitorinq keçiriblər. Girdiman çayının İsmayıllı və Ağsu rayonlarının ərazilərindəki müxtəlif nöqtələrindən su nümunələri götürülüb və analiz edilmək üçün nazirliyin mərkəzi laboratoriyasına təhvil verilib.
Nəticələrin əldə olunması üçün bir neçə gün tələb olunur. Analiz nəticələri təhlil edildikdən sonra ekoloji vəziyyət qiymətləndiriləcək.