"Dağlıq Qarabağda az-çox imkanı olan ailələrin az qala hamısı uşaqlarını Ermənistana yollayırlar. Ən böyük "köç" Dağlıq Qarabağın şimalındadır".
Unikal.org-un xəbərinə görə, Milli.Az İrəvanda çıxan "Johovurd" qəzetinə istinadən bildirir ki, Dağlıq Qarabağın şimalındakı Ağdərə rayonundakı ailələrin təxminən 98 faizi uşaqları Ermənistana yollayıblar.
Ermənistanın Təhsil Nazirliyi olayı belə şərh edib: "Dağlıq Qarabağda aprel ayında "dördgünlük müharibə" başlayanda şimaldakı rayonlardan bir neçə ailə Ermənistana gəlmişdi. Biz də təhsil prosesini pozmamaq üçün bu ailələrdəki məktəbliləri müvəqqəti olaraq, təhsil ilinin sonunadək Ermənistandakı məktəblərə yerləşdirmişdik. Yay tətili başa çatanda həmin uşaqlarla bağlı əlavə qərar veriləcək".
Erməni mediası isə nazirliyin açıqlamasını ələ salıb. Belə ki, "Dağlıq Qarabağın şimalını tərk etmiş qarabağlı erməni ailələrinin sayı artıq 982-yə çatıb. Onların heç biri geriyə qayıtmaq niyyətində deyil.
Ermənistan prezidenti Serj Sarkisyanın, erməni hərbçilər və siyasətçilərin "Dağlıq Qarabağ erməniləri yerindədir, heç yerə tərpənməyiblər, böyük ruh yüksəkliyi ilə potensial döyüşlərə hazırlaşırlar" tipli bəyanatlarının yalan olduğunu elə məktəblilərin Dağlıq Qarabağdan çıxarılması göstərir. Çünki istənilən cəmiyyətdəki durumu əks etdirən məqamlardan biri də uşaqların müdafiəsi və təhlükəsizliyinin təminatıdır.
Qarabağlı ermənilər uşaqlarını Dağlıq Qarabağdan çıxarır, sabaha ümidsiz olduqlarını nümayiş etdirirlər. "Dördgünlük müharibə" günlərindən başlanmış erməni köçü, daha doğrusu, qaçaqaçı indi də davam edir.
Dağlıq Qarabağın "müdafiə sistemlərinin ən yüksək səviyyədə olması" ilə bağlı deyilənlər də yalandır: müdafiəsinə güvənən ailələr uşaqlarını heç bir halda daha təhlükəsiz saydıqları yerlərə yollamazlar.