Azərbaycanda fəaliyyət göstərən qeyri-islam dini icmaların rəhbərləri bu ilin 4-8 iyul tarixlərində Yunanıstanın Saloniki şəhərində Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) 23-cü illik toplantısının iştirakçıları tərəfindən qəbul olunan "Fundamental Qlobal Təhdidlər - Xristian Pravoslav Perspektivi adlı qətnamənin sonuncu bəndinə - Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və aprel döyüşləri ilə bağlı tamamilə yanlış məlumatı özündə əks etdirən müddəaya etirazlarını bildiriblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, etiraz məktubu Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Alban-udi xristian icmasının sədri Robert Mobili, Azərbaycanda Katolik kilsəsinin Apostol Prefekturasının ordinarisi Vladimir Fekete, "Həyat sözü xristian dini icmasının sədri Rasim Xəlilov, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin "Aqape dini icmasının sədri Yəhya Məmmədov, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova və "Yeni Həyat xristian incil dini icmasının sədri Lyudmila İbrahimova imzalayıblar.
Müraciətdə bildirilir ki, Parlamentlərarası Pravoslav Assambleyasının bu ilin 4-8 iyul tarixlərində Yunanıstanın Soloniki şəhərində keçirilən 23-cü illik toplantısında qəbul olunan "Fundamental Qlobal Təhdidlər - Xristian Pravoslav Perspektivi adlı qətnamə müasir dünyanın, xüsusilə də Avropanın taleyi üçün əhəmiyyətli və həssas məsələlərə toxunsa da, təəssüf ki, qətnamədə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müddəalar reallıqdan və obyektivlikdən uzaqdır: "Nəzərinizə çatdırırıq ki, Ermənistanın Azərbaycana qarşı işğalçılığı və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyondan artıq azərbaycanlı öz doğma yurdlarından qaçqın və köçkün düşüb. Hərbi təcavüz nəticəsində təxminən 403 tarixi-dini abidə erməni işğalı altında qalıb. Milli, dini ənənəni özündə daşıyan bu abidələr ermənilər tərəfindən məhv edilir, tarixi alban məbədləri isə erməniləşdirilir, qriqoryanlaşdırılır. Bütün bunlara baxmayaraq, Azərbaycan paytaxtının mərkəzində yerləşən erməni kilsəsinin Azərbaycan dövlətinin mühafizəsi altında olması təqdirəlayiq haldır. Təəssüf ki, Ermənistan tərəfindən münaqişə tarixi boyu törədilmiş insanlığa zidd əməllər və vandalizm bu ilin aprel ayında yenidən təkrarlanıb. Ermənistan silahlı qoşunlarının törətdikləri fitnəkar təxribat nəticəsində bu ilin aprel ayının əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlərdə yüzlərlə insan, o cümlədən mülki şəxslər həlak olub, Azərbaycanın Ağdam və Tərtər rayonlarının ərazilərində başqa sahələrlə yanaşı, XIX əsrə aid olan tarixi-dini abidələr də erməni vandalizminə məruz qalıb, bəzi məscidlərə ciddi ziyan dəyib. Biz dini konfessiyaların, dini liderlərin və dini qurumların sülh və qardaşlıq naminə bir araya gəlmələrini qiymətləndirir, lakin Parlamentlərarası Pravoslav Assambleyasının "Fundamental Qlobal Təhdidlər - Xristian Pravoslav Perspektivi adlı qətnaməsinə hansısa tərəfin maraqlarından çıxış edərək, Dağlıq Qarabağ barəsində düzgün olmayan, təxribat xarakterli müddəanın əlavə edilməsini Parlamentlərarası Pravoslav Assambleyasının xristianlıq və demokratiya prinsipləri və dəyərləri üzərində qurulan hədəflərinə zidd olduğunu düşünürük. Biz baş verən hadisələrin, eyni zamanda Azərbaycan dövlətinin apardığı siyasətin şahidi kimi sizi qərəzsiz və düzgün mövqe nümayiş etdirməyə, ədalətin bərpası üçün səy göstərməyə çağırırıq.
Qeyd edək ki, məsələ ilə bağlı hal-hazırda Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri tərəfindən müvafiq işlər aparılır.