"Onların axırına çıxmaq elə də çətin deyil"
İŞİD-in tamamilə məhv ediləcəyi gün yaxınlaşır. Qardaş Türkiyə ordusunun həyata keçirdiyi hücum əməliyyatları ilə terrorçular Rakkaya doğru sıxışdırılırlar. Koalisiya qüvvələri Mosuldakı İŞİD-çilərin məhv edilməsi üçün hücuma hazırlaşır. Politoloqlar hesab edirlər ki, təxminən beş min döyüşçüsü qalan terror təşkilatının sonuncu üzvü bu ilin sonuna kimi məhv ediləcək.
Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Fırat qalxanı" əməliyyatı İŞİD-lə mübarizədə yeni mərhələnin başlanmasına səbəb oldu. Avqustun 24-dən, məhz qardaş ölkənin Suriyada əməliyyatlara başlamasından bu günə kimi 100-dən çox terrorçu zərərsizləşdirilib.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, bu saat Cerablusun özü də götürülüb: "34 kənd götürülüb. Türkmənlər və Suriya Azadlıq Ordusunun bölmələri türk xüsusi təyinatlıları ilə birgə, tank qoşunları ilə, özüyeriyən artileriya qurğuları ilə birlikdə İŞİD-i təqib etməkdədirlər. İŞİD-i, demək olar ki, Rakkaya doğru sıxışdırmaqdadırlar".
İŞİD-çilərin paytaxt hesab etdikləri Rakkaya isə elə də böyük məsafə qalmayıb. İndi bu terror təşkilatı cəmi 2 şəhərdə mövqelərini saxlaya bilib - Suriyanın Rakka, İraqın Mosul şəhərlərində.
Politoloq onu da əlavə edib ki, bu əməliyyatlar yaxın zamanlarda başlamalıdır: "Qalır Mosul. Burada Kürd peşmərgələri ilə yanaşı, İraqın elit seçmə qoşun dəstələri də iştirak edəcək və həmin əməliyyatlar da yaxın zamanlarda başlamalıdır".
ABŞ hər iki cəbhədə - həm Mosulda, həm Rakkadakı əməliyyatlara havadan dəstək verir. Mosulda yaxın günlər üçün nəzərdə tutulan hücum əməliyyatlarına isə ABŞ-la yanaşı, İngiltərə və Kanadanın da qoşulacağı gözlənilir.
Politoloq Qabil Hüseynli hesab edir ki, Rusiya və İranın da müdaxiləsini nəzərə alsaq, ilin sonuna qədər İŞİD tamamilə məhv ediləcək: "Bu saat İŞİD-in ətrafında olan döyüşçülərin sayı uzağı 5-6 min nəfərdir. Onların axırına çıxmaq da elə də çətin deyil. Çünki güclü hava dəstəyi var. Quru qoşunları proseslərdə iştirak edir. Ola bilsin, İran da bu quru qoşunlarına dəstək versin. Rusiyanın da xüsusi təyinatlıları gözləyirlər".
Politoloq hesab edir ki, İŞİD məhvə doğru getdiyindən, iştirakçı dövlətlər bu terror təşkilatı üzərindəki qələbədən pay almaq üçün daha da fəallaşacaq. Hətta vaxtilə İŞİD-ə dəstək verənlər belə. Hər halda İŞİD-in tam məhv edildiyi gün bəşəriyyətin terror üzərindəki böyük qələbəsi kimi qeyd olunacaq. Həm də Yaxın Şərqdən didərgin düşən milyonlarla insanın xilas günü...