"Azərbaycan təhsilində son illər bir çox yenilik tətbiq edilib. Son 13 ildə Azərbaycanın orta məktəblərinin 70 faizi əsaslı təmir edilib və ya yenidən tikilib.
Unikal.org-un APA-ya istinadən xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov işə yeni qəbul edilmiş məktəb direktorlarının iştirakı ilə keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, minlərlə gənc ölkənin təhsil müəssisələrində təhsil almaqla yanaşı xarici ali təhsil müəssisələrində də dövlət hesabına təhsil almaq hüququ əldə edib. Nazir qeyd edib ki, bütün bu nailiyyətlərin və qarşıda duran çağırışların kökü məktəbdən başlayır: "İstənilən şəxsin, fərdin formalaşması, milli dəyərlərin daşıyıcısı olması, öz uğurunu fərd olaraq görməkdən deyil, uğurlu bir dövlətin, cəmiyyətin uğuru kimi görmək imkanı məktəbdə olan mühitdən, təhsil imkanından asılıdır. Məktəbdə isə bu mühitin yaradıcısı məktəb direktorudur. Müəllimlərin işə yanaşması, məktəb-valideyn münasibətləri məktəb direktorlarının fəaliyyətindən asılıdır. Təhsilin nəticələri yalnız məktəblərdən və burada fəaliyyət göstərən peşəkarlarından asılı deyil. burada ailənin rolu da müstəsnadır. Bir çox hallarda təhsil sisteminin daxilində olan mövzulara - dərsliklər, problemlər, nailiyyətlərə toxunuruq, amma təhsil sisteminin kənarında olsa da birbaşa asılılıq təşkil edən amillərə toxunmuruq. Valideyn bu amillərdən ən önəmlisidir.
M.Cabbarov qeyd edib ki, bu il tətbiq edilən yeniliklərdən biri də məktəbəqədər hazırlıq qruplarının təşkilidir. Onun sözlərinə görə Azərbaycanda uşaqların məktəbəqədər hazırlıqla əhatə dairəsi qaneedilən səviyyədə deyil: "Bu il verilən qərara əsasən məktəblərin bazasında 1 illik məktəbəqədər hazırlıq qrupları təşkil ediləcək. Bu uşaqların məktəbəqədər hazırlıqla əhatə olunma səviyyəsinin yüksəlməsinə müsbət təsir edəcək. Məktəb direktorları da yerlərdə bu işin təşkilinə çox ciddi yanaşmalıdır.
Təhsil naziri əlavə edib ki, təhsildə mövcud yeniliklərdən biri də müəllimlərin yeni qiymətləndirmə əsasında əmək haqqı almasıdır. M.Cabbarov bu gün ölkədə fəaliyyət göstərən müəllimlərin təxminən 40 faizinin yeni sistemlə əmək haqqı aldığını açıqlayıb.