Milli Məclisdə bələdiyyə və nəqliyyat problemi müzakirə olundu
12:49 13-02-2016
CƏMİYYƏT
Spiker Siyavuş Novruzova söz atdı: "Bir də baxırsan ki, səni oğurladılar..."
Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə, , "Avtomobil nəqliyyatı haqqında" qanununda dəyişiklik edilməsi barədə, Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə, "Lisenziyalar və icazələr haqqında" və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihələri daxildir.
"Türkiyədə bir kənddə bir muxtar seçirlər, ancaq biz 200 əhalisi olan kəndə 5 bələdiyyə üzvü seçirik. Bu, nəyə lazımdır?". Bunu Milli Məclisdə "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyası icra katibirin müavini, deputat Siyavuş Novruzov deyib. S.Novruzov Azərbaycanda 5300 bələdiyyə olduğunu xatırladıb: "Bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır". Qeyd edək ki, "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi bələdiyyələrin birləşməsi ilə əlaqədar Babək qəsəbəsinin Babək bələdiyyəsinin ləğv edilməsi ilə əlaqədardır. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Azərbaycanda avtobus sərnişin daşımaları ilə bağlı sürücülərə qoyulan tələblər dəyişdirilib. Bununla bağlı Milli Məclisdə "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Qanuna əsasən hazırda avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən, "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılır. Dəyişikliyə əsasən, avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülərin buraxılması təklif edilir.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, "D" kateqoriyası üzrə 22 yaş həddi qoymaq məntiqli görünmür, çünki avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübənin beş ildən az olmaması şərti qoyulur: "Ona görə də yaş həddi 23 yaşa qaldırılmalıdır, bu barədə qanunvericilik təşəbbüsü ilə çıxış edən orqanla müzakirə aparılmalıdır". YAP icra katibinin müavini Siyavuş Novruzov Nəqliyyatın İntellektual İdarə Edilməsi Mərkəzinin fəaliyyətini tənqid edib: "Guya intellektual idarəetmədir, işıqforda bir tərəfdə nəqliyyatın hərəkəti üçün 2 dəqiqə, digər tərəfə bir neçə dəqiqə verilir. Belə olmaz". Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
"Bu gün ölüm hadisələrinin çoxu avtobuslarda, avtobus qəzalarında olur. Bu da sürücülərin daxili qayda-qanunları lazımi səviyyədə bilməməsindən irəli gəlir. İndi elə sürüclər var ki, onlar avtobuslarda söyüş söyür, siqaret çəkir, hətta telefonla da danışırlar. Ona görə də qanunvericilikdə bu məsələlərlə bağlı müddəalar daha da təkmilləşdirilməlidir". Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov parlamentin plenar iclasında deyib: "Elə insan var ki, qatardan Bakıya düşən kimi avtomobil idarə etmək üçün lisenziya alıb sürücülük edir. Yolu tanımır və hansısa yol hərəkəti qaydaları ilə bağlı nişanları bilmir. Nəticə etibarı ilə də həmin sürücü yol qəzalarına şərait yaratmış olur. Naxçıvan Muxtar Respublikasında ayda bir dəfə həm avtobus, həm də taksi sürücülərini Dövlət Avtomobil Müfəttişliyi toplayır. Xəritələri çıxararaq onlara verirlər ki, hansı yolda təmir gedəcək, bu, nə qədər davam edəcək və s. Bakıda isə səhər gedib axşam qayıdanda görürsən ki, yolun ortasında beton parçası qoyulub. Bu da insanların bütün əsəblərini korlayır.
Hətta bir küçəni elə mühasirəyə alırlar ki, heç 41-45-in müharibəsində belə mühasirə olmayıb. Bunu qabaqcadan sürücələrə elan etmək lazımdır. "İntellektual idarəetmə" adı altında avtobuslar arasında intervallar tez-tez pozulur. Bu məsələlərə də diqqət etmək lazımdır. Sürücülərin yolları tanımaması da başqa problemdir. Bir də baxırsan ki, yolda yuxu səni tutur və ayılanda tamam başqa yerdə olursan. Ona görə də bu məsələlərə ciddi nəzarət olmalıdır". Spiker Oqtay Əsədov onun çıxışına zarafatla münasibət bildirib: "Bir də baxırsan ki, səni oğurladılar. Ümumilikdə götürdükdə isə səsləndiridiyiniz məsələlər diqqət olunması işlərdir".
"Şəhər nəqliyyatı təsərrüfatı dəyişdirilməlidir". Bu barədə Milli Məclisin iclasında parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib. O qeyd edib ki, Bakıda avtobusları idarə edənlərin heç sürücülük vəsiqəsi olmur. Deputatın sözlərinə görə onlar bəzən sərxoş hallarda avtobusu sürür və qəzalara səbəb olurlar: "Statistikada göstərir ki, bu qəzalarda ölənlərin sayı təbii ölümlərdən çox olur. Avtobuslar gətirilib çox gözəldir. Bəs avtobusların dayanması necədir? Elmlər Akademiyası yanında dayanacaqda 10 avtobus yolun sağında, 10 avtobus yolun solunda bir anda dayanırlar, tıxac yaradırlar və ya əks tərəfə çıxırlar. Bu imtiyazlar onlara kim tərəfindən verilir? Bunların himayədarları kimlərdir?".
Bəxtiyar Əliyev eyni zamanda paytaxtda hər addımda quraşdırılan parkomatlar barəsində də danışıb: "Prezident bildirmişdi ki, maşınların dayanmasını çubuqla idarə edənlərin pulu bələdiyyələrə yönəldilsin. Bu gün maşınların saxlanılması üçün parkomatlar quraşdırılıb.Çox gözəl, amma bu parkomatlar harada gəldi qoyulub. Baxırsan dar birtərəfli yoldur, yolun həm sağı, həm solunda parkomat quraşdırılır və yol daralır. Yolların genişləndirilməsi tıxacların qarşısının alınması üçün edilib. Parkomatlara nəzarət edənlər kimdir? Başqa misal avtobus dayanacaqlarında parkomatlar quraşdırılıb, maşınlar, taksilər də dayanır. Bəs sərnişin harada minib düşsün? Bu məsələlər ictimaiyyətdə narahatlıq doğurur və qayda-qanun yaradılmalıdır. Şəhər nəqliyyatı təsərrüfatı dəyişdirilməlidir".
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05