Şimal regionuna yağan güclü yağış nəticəsində yaranan sel Xaçmaz rayonunda ciddi fəsadlar törədib.
Unikal.org RTV-yə (Region TV) istinadən xəbər verir ki, Qaraçayın məcrasından çıxması nəticəsində Xaçmaz rayonunun Qarğalıq və Qarabağlı kəndlərində evləri və təsərrüfat sahələrini su basıb. Qarğalıq kəndində 12 ev suyun altında qalıb.
Sözügedən əraziyə Fövqəladə Hallar Nazirliyinin və Mülkü Müdafiə Qoşunlarının canlı qüvvəsi və texnikası cəlb edilib. Yerli sakinlərdən xəsarət alan olmasa da, bəzi təsərrüfatlarda mal-qara və ev quşları tələf olub.
Sakinlər nə edəcəklərini belə bilmirlər: "Belə hadisə olmuşdu 5-6 il bundan qabaq. Bu gün də 8-9 radələrində sel gəldi. Gördüyünüz kimi. Bütün toyuq-cücəmiz gedib. 1 metrə qədər suyun içindəyik. 2-3 saatdan sonra hava qaralır. Heç bilmirik ki, hara gedəcəyik. Harada yaşayacağıq. Bütün talam, tövləm, evim-eşiyim su altındadır.
Qudyalçayda yaranan sel suları isə Xaçmaz rayonunun Niyazabad kəndində bir evi basıb. Həmin evdə köməksiz vəziyyətdə qalan 3 nəfəri Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri təhlükəsiz əraziyə çıxarıblar. Kəndlərdə yaranan təbii fəlakətlə bağlı komissiya yaradılıb.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.