Azərbaycanda aqrar sektorun "analoqsuz" paradoksu
10:41 16-02-2016
CƏMİYYƏT
Taxılımız boldursa, bəs niyə buğdanı xaricdən alırıq?
Ölkədə 3 milyon tona yaxın taxıl yığılır. Onun da 1.7 milyon tonu buğdanın payına düşür. Lakin Taxıl Fondu anbarlarını xaricdən gətirilən buğda ilə təmin edir.
Kəpəz TV (Region TV) xəbər verir ki, nəinki Taxıl Fondu ölkədə fəaliyyət göstərən iri un və un məmulatları şirkətləri də... Dolların bahalaşması və bunun nəticəsində idxal olunan məhsulların bahalaşması, xaricə valyuta axınının artması ölkənin yerli ərzaq məhsulları ilə təminatı məsələsini bir daha gündəmə gətirdi. Xüsusən də ölkənin ərzaq buğdası ilə təminatı məsələsini... Rəsmi məlumatlara görə, ölkə 60-70 faiz taxıla olan tələbatı daxili istehsal hesabına ödəyir. Ölkə üçün ənənəvi sayılan, lakin unudulan gəlirli sahələrin yenidən dirçəlişinə də prezidentin son çıxışı stimul verdi. Bəs, kənd təsərrüfatına edilən bu qədər yardım və güzəştlərin müqabilində aqrar sahə niyə bu qədər ləng addımlarla irəliləyir?
2010- cu ildə pambıqçılıq haqqında qanun qəbul olunsa da, sonrakı illərdə pambıqçılığın inkişafı ilə əlaqədar prezident əlavə sərəncamlar imzalasa da, hələ də bu sahədə ciddi irəliləyiş yoxdur. Amma ölkə başçısının son çıxışından sonra bu sahədə yenidən canlanma müşahidə olundu. Fermerlərdə ümid yarandı ki, nəhayət, onların əməyinə lazımi qiymət veriləcək. Sonradan məlum oldu ki, bu "lazımi qiymətlə" bağlı kəndlilərin fikirləri Kənd Təsərrüfatı Nazirliyi və emal müəssisələrinin fikirləri ilə üst-üstə düşmür.
Heydər Əsədov (kənd təsərrüfatı naziri): "Pambığın alış qiymətinin 25 faiz qaldırılması ilə bağlı müəssisə rəhbərləri öhdəlik götürdülər".
Həsənəli Aslanov (mütəxəssis): "İndi növündən asılı olaraq, məsələn, ən yüksək növü 50 qəpiyə, 2-ci, 3- cü növlər üzrə 47, 44 və 40 qəpiyə alınması nəzərdə tutulur".
Fermerlər də alış qiymətlərinin 10 qəpik civarında qaldırılmasının kifayət etmədiyini, bu vəsaitin xərcləri ödəmədiyini bildirirlər.
Əsaib Həmidov (pambıqçı): "Pambığın qiyməti ən azı 70 qəpik olsun. 70 qəpik olarsa, pambıqdan gələn qazanc fermerə qalar. Çünki, pambıqçılığın maya dəyəri yüksəkdir. Çünki, çiyidi biz xaricdən alırıq. Şirkətlər alır fermerlərə satır. Dərman preparatları xaricdən alınır. Azot gübrəsidir xaricdən alınır. Dollar qalxandan sonra da bunlar da yüksək qiymətlə veriləcək".
Fermerlər pambığın alış qiymətinin 20-30 qəpik artırılmasını istəyirdilər, amma qiymət yalnız 10 qəpik civarında qaldırıldı. O da yalnız birinci növ pambığa görə. Kim bilir, bəlkə fermerlərin istəkləri nəzərə alınsaydı daha yaxşı olardı. Axı vaxtı ilə pambıq sahələri dağıdılarkən də fermerlər bu sahənin gəlirli olduğunu, onlara yalnız bir qədər kömək lazım olduğunu söyləyirdilər. Yaxşı, tutaq ki, o vaxt pambıq rentabelli sayılmırdı. Ona görə də bu sahələrdə taxıl zəmiləri salındı. Bəs taxılçılıqda necə, ciddi nəticələr əldə olundumu? Bax bu da böyük sual altındadır...
Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, ölkədə 2010- cu ildə 1.2 milyon ton buğda istehsal olunub. 2011- ci ildə bu rəqəm 1.6 milyon ton, 2012- ci ildə 1.8 milyon ton, 2013- cü ildə 1.8 milyon tondan bir az çox, 2014- cü ildə 1.4 milyon ton, 2015- ci ildə isə 1.7 milyon ton təşkil edib. İlk baxışdan inkişaf göz qabağındadır. Amma sən demə Azərbaycanın yerli buğdası keyfiyyət göstəricilərinə görə, heç bir standarta uyğun deyil və əsasən heyvanlar üçün yem kimi istifadə olunur. Buna görə də hətta Dövlət Taxıl Fondu da ərzaq buğdası ehtiyatı üçün normal keyfiyyətli yerli taxıl tapmaqda çətinlik çəkir. Bu kəsir Rusiya və Qazaxıstandan idxal olunan buğda hesabına təmin edilir. 2008-2015- ci illər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramına əsasən biz bütün kənd təsərrüfatı məhsulları ilə daxili tələbatı 100 faiz ödəməli və hətta ixrac etməli idik. Lakin, taxıla olan tələbatı cəmi 68 faiz ödəyə bilmişik ki, bu da belə...
İrşad Abbasov (ekspert): " Həmin 70-80 faizin içərisində ərzaq kimi istifadə olunan taxılın dəqiq miqdarı bilinmir. Bu barədə Dövlət Taxıl Fondu ilə Kənd Təsərrüfatı Nazirliyi arasında bir neçə ildir mübahisələr də gedir. Fondun dediyinə görə, ölkədə istehsal olunan taxılın böyük hissəsi ərzaq taxılı kimi keyfiyyətlərə cavab vermir. Kənd Təsərrüfatı Nazirliyi isə istehsal olunan taxılın ərzaq buğdası kimi yararlı olduğunu deyir. Hər halda fond daha düzgün deyir. Çünki, fond taxılı qəbul edərkən ona müəyyən tələblər qoyubdur ki, o tələblər taxılın ərzaq kimi istifadəsini yararlı edir".
Ölkədə istehsal olunan taxılın ərzaq üçün yararsız olması faktını iri un və un məmulatları şirkətləri də təsdiq edir. NEON firmasının rəhbəri Arif Həsənov studiyamızda qonaq olarkən məhsullarının qiymətində xarici faktorun 100 faizə yaxın olduğunu bildirmişdi. Çünki, bu məhsulların əsas inqridiyenti - buğda xaricdən gətirilir.
Arif Həsənov (NEON firmasının baş direktoru): "Çünki, un elə məhsuldur ki, hər taxıldan un əmələ gəlməz. Unun tozu çıxar. Ancaq ondan çörək istehsal oluna bilməz. Bu keyfiyyətsiz unu 20 manata deyil, istəyirsiz 5 manata satın, o, çörəkçi gətirib qaytaracaq. Ona görə bizim xarici taxıldan asılılığımız yüksək səviyyədədir".
Ərzaq təhlükəsizliyi baxımından adambaşına 1 ton dənli bitki istehsal edilməlidir. Yəni Azərbaycanda həm heyvandarlığın, həm sənayenin, həm də qida sektorunun ehtiyaclarını ödəmək üçün 9 milyon ton taxıl istehsal olunmalıdır. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ötən il istehsal edilən 1.7 milyon ton buğdanın 3 faizi itkiyə, 500 min tonu toxum kimi təkrar əkinə, 350 min tonu yemlik məqsədilə, yerdə qalanı isə ərzaq buğdası kimi istifadə olunub. Ölkəyə isə 1.2 milyon ton buğda idxal edilib. Aqrar sahənin dəstəklənməsinə dövlət hər il milyonlarla manat vəsait ayırır. Kənd təsərrüfatına vergi güzəştlərinin həcmi ildə təxminən 2 milyard manata yaxındır. Bəs bu qədər yardım və güzəştlərin müqabilində bu sahədə niyə belə acınacaqlı vəziyyət yaranıb?
İrşad Abbasov ( ekspert): "Torpaq islahatlarından sonra pay torpaqlarının orta həcmi bir ailəyə 1.5 ha düşür. Bunu dünya da sübut edib ki, əkinçiliyin xüsusilə taxılçılığın belə kiçik torpaqlarda aparılması qeyri- mümkündür. Ora nə qədər köməklik, islahatlar olsa da nəticə olmayacaq. Necə ki, nəticə yoxdur. Bir də 2008-2015- ci illər ərzaq proqramı qəbul olunanda onun əsas oyunçuları da müəyyən olundu. Bunlar İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Torpaq və Xəritəçəkmə Komitəsi və Meliorasiya Komitəsi idi. Təəssüflər olsun ki, dövlət öz öhdəliklərini yerinə yetirərək hər il lazım olan milyardlarla məbləği bu proqramı yerinə yetirməsinə sərf etməyinə baxmayaraq, bu oyunçular xüsusilə də mən deyərdim Kənd Təsərrüfatı Nazirliyi və Torpaq və Xəritəçəkmə komitəsi, o cümlədən Su və Meliorasiya Komitəsi öz üzərinə düşən vəzifəni lazımınca yerinə yetirə bilmədilər".
Bəzi mütəxəssislər taxıl əkilməsini ölkəmiz üçün doğru saymır. Bildirirlər ki, ölkəmiz üçün ənənəvi və daha gəlirli sahələri inkişaf etdirmək daha məqsədəuyğun olardı. Məsələn, pambıqçılıq, tütünçülük, üzümçülük, tərəvəzçilik, bağçılıq kimi... Axı prezident də öz çıxışlarında dəfələrlə rayonların istehsal sahələri üzrə ixtisaslaşdırılmasının, ənənəvi sahələrə diqqəti artırmağın vacibliyini vurğulayıb. Şişirdilmiş rəqəmlərlə dolu hesabatlar vermək üçün yox, real iş görmək və ölkə üçün faydalı nəticə əldə etmək üçün. Əks halda aqrar sahədə heç bir həqiqi inkişafdan söhbət gedə bilməz.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:43:07