Uroloji Mərkəz MMC - Kamal Abdullayevin Klinikasında müasir tibbi metodlar
15:58 16-02-2016
CƏMİYYƏT
Uroloji Mərkəz MMC - Kamal Abdullayevin Klinikası Azərbaycanda böyrək, sidik yollarında problemi olan xəstələrə yardım edən yeganə mütəşəkkil tibbi mərkəzdir.
Klinikada yaş həddindən asılı olmayaraq bütün xəstələrin böyrək, sidik yollarında ( sidik daşı xəstəliyi, böyrək və sidik kisəsinin şişləri, hidronefroz , sistit, prostat vəzinin adenoması ) və cinsiyyət üzvlərində rast gəlinən bütün xəstəliklərin konservativ müalicəsi və plastik cərrahi əməliyyatı aparılır. 2005-2010 cu illərdə klinikamızda 23 xəstəyə canlı (qohum) donordan böyrək köçürülüb.
Qadınlarda sidik saxlamamazlığının müayinə və müalicə üsulları
Abdullayeva Səbinə Kamal qızı
(mama- ginekoloq)
Qadınların uroloji klinikaya çoxsaylı müraciətlərinin səbəbi sidik ifrazı aktının pozulmalarından olan sidik saxlamamazlıq (inkontinensiya) problemidir. Həmin pozğunluqlar xəstələrin həyat keyfiyyətinə mənfi təsir göstərir, sağlam həyat tərzini pozan sosial problemə çevrilir.
Sidik kisəsi ilk növbədə çoxsaylı xolinergik və adrenergik inervasiyaya malikdir. Xolinergik inervasiya bütövlükdə sidik kisəsinin evakuator funksiyasını təmin edir.
Qadınlarda sidik saxlamamazlığına gətirən səbəblər yaş dövrü, ağır fiziki əmək, çanaq dibi əzələlərin zəifliyi və doğuş vaxtı zədələnməsi, kiçik çanaq boşluğu orqanlarında aparılan əməliyyatlar, piylənmə, menopauza, sidik yollarının residiv infeksiyaları, nevroloji xəstəliklər və s.- dir.
Sidik ifrazı aktı pozğunluqlarının ən çox rast gələn simptomları təcili sidiyə çağırışlar, pollakiuriya, gecə və gündüz sidik saxlamamazlığıdır.
Pollakiuriya 3 əlamətlə xarakterizə olunur:
- Sidik ifrazının tezləşməsi (6-8 dəfədən artıq)
- Bir dəfəyə ifraz olunan sidiyin miqdarının azalması
- Sidik kisəsinin tam (qalıq sidiksiz) boşalması
Sidik saxlanmazlığının 3 klinik forması mövcuddur:
1. Stress mənşəli sidik saxlanmazlıq – gərginlik zamanı ( öskürdükdə, asqırdıqda, cinsi əlaqə zamanı, oturaq vəziyyətdən qalxdıqda) sidiyin qeyri-iradi axması.
2. Urgent sidik saxlanmazlıq –sidiyə çağırış zamanı əmələ gəlir.
3. Qarışıq sidik saxlanmazlıq – kəskin sidiyə çağırışla sidiyin qeyri-iradi axması, eləcə də gərginlik zamanı sidik saxlanmazlıq.
Əsas müayinə metodlarına sidik - cinsiyyət sisteminin və kiçik çanaq üzvlərinin fizikal müayinəsi, öskürək sınağı, laborator müayinələr, funksional müayinə üsulları (ultrasəs, rentgenoloji), urodinamik və digər üsullar aiddir.
Urodinamika sidiyin saxlanılmasında və nəqlində iştirak edən fizioloji və patoloji amillərin müəyyənləşdirilməsi və ölçülməsi ilə bağlı neyrouroloji diaqnostik vasitədir.Urofloumetriya üsuluna sidik ifrazının keyfiyyət və kəmiyyət cəhətdən xarakterizə edən, o cümlədən sidik axınının maksimal və orta sürəti, boşalmış həcm, sidik ifrazı müddəti, gözləmə müddəti kimi bir neçə göstəricinin müəyyən edilməsi daxildir. Əldə edilən nəticələr sidik kisəsinin və uretranın funksiyaları barədə təsəvvür yaradır. Urodinamik müayinəsiz xəstəliyin düzgün diaqnostika və müalicəsi qeyri-mümkündür.
Qeyri-iradi sidik ifrazının müalicəsində konservativ və cərrahi üsullardan ayrı-ayrılıqda və ya müştərək şəkildə istifadə etmək olar.
Konservativ müalicəyə farmakoloji və fizioterapiya (çanaq dibi əzələlərin elektrikstimulyasıyası: rektal, vaginal, uretral; kvant- lazer, UST, maqnitoterapiya) daxildir.
Cərrahi müalicəyə biopolimerlerin inyeksiya vasitəsi ilə implantasiyası və TVT əməliyyatı və s. əməliyyatlar aiddir.
Sidik saxlanmazlığın profilaktikası sidiyi vaxtında boşaltmaq, sidikliyin hədsiz dolmasına imkan verməmək, fiziki yüklənmədən çəkinmək, çəkinin artmasına imkan verməmək, aşağı sidik yollarının iltihabi xəstəliklərini vaxtında müalicə etmək, xroniki asqırmaya səbəb olan ağ ciyərlərin obstruktiv xəstəliklərinin qarşısını almaqdan ibarətdir.Qeyd edək ki, sidik saxlanmazlığı, vaxtında müalicə olunarsa, tez sağalan xəstəlikdir.
Klinikamızda belə xəstələrin konservativ və cərrahi müalicəsi uğurla aparılır.
Parauretral kista
Qadınlar arasında sidik kanalının kistoz xəstəliyi nisbətən tez-tez rast gəlir. Bu xəstəlik haqqında ilk dəfə Skene və Westbruk 1880 cı ildə, V.N.Stepanov 1974 cü ildə 24 xəstə haqqında məlumat vermişdir.Parauretral kistalar anadangəlmə və ya qazanılma olur. Skin vəzilərindən əmələ gəlir. Skin vəzlərində olan patoloji proseslər az öyrənilmişdir. Bir qayda olaraq bu vəzlər hamiləlik dövründə hipertrofiləşir, klimakterik dövrdə isə atrofiləşir. Xəstənin şikayəti sidik kanalının xarici dəliyi nahiyəsində şişkinliyin, irinli ifrazatın,cinsi əlaqə zamanı ağrının, sidik ifrazı pozğunluqlarının olmasındandır. Kistanın iltihablanması zamanı çox vaxt absess əmələ gəlir ki, bu da sidik kanalına açılır, sonradan fistula əmələ gəlir. Kista əsasən sidik kanalının xarici dəliyi nahiyyəsində törəməyə bənzər formada yerləşir, ölçüsü təxminən 2-4 sm-ə kimi olur, səthi gərgin olub, şara bənzər formada olur. Uşaqlıq yolu nahiyyəsindən asanlıqla əllənir və bir qədər təzyiq etdikdə sidik kanalında ifrazat müşahidə olunur. Kistanın boşluğu yastıepitel qatı ilə örtülmüş olur.Möhtəviyyatı irinli və ya kazeoz olur. Kista daxilində bəzən konkriment əmələ gəlir ki, bu da palpasiya zamanı dəqiq hiss olunur.
Təcrübəmizdə misal göstəririk: Xəstə M. 24 yaş, sidik ifrazının narahat, ağrılı olması, şırımın ətrafa yayılması, sidik kanalının xarici dəliyi nahiyyəsində şişkinliyin olması şikayəti ilə müraciət etmişdir. Xəstənin dediyinə görə bu əlamətlər hamiləlik dövründə yaranmışdır. Müayinə zamanı irinləmiş parauretral kista diaqnozu qoyulmuş, cərrahi əməliyyat-kistanın kəsilib çıxarılması-aparılmış, bu zaman 10 ml-dən artıq irinli ifrazat xaric edilmişdir. Xəstə 1 sutkadan sonra evə yazılmışdır, hal-hazırda şikayəti yoxdur.
Uroloji Mərkəz-Kamal Abdullayevin klinikası " MMC " –də fəaliyyət göstərən anesteziologiya və reanimasiya şöbəsi yüksək səviyyəli anestezioloji və reanimatoloji xidmət göstərir. Klinikamızda icra olunan uroloji əməliyyatların ağrısızlaşdırılması üçün müxtəlif anesteziologiya növlərindən istifadə olunur.
Ümumi anesteziya:
•Aparat – maska narkozu
•Tam əzələdaxili anesteziya
•Tam venadaxili anesteziya
•Kombinəolunmuş venadaxili anesteziya
•Endotraxeal intubasion anesteziya
Regional anesteziya:
•Spinal anesteziya
•Peridural anesteziya
•Kombinəolunmuş peridural+spinal anesteziya
•Kombinəolunmuş spinal+venadaxili anesteziya.
Kamal İsmayıl oğlu Abdullayev
DİREKTOR, TİBB ELMLƏRİ DOKTORU, PROFESSOR, RESPUBLİKANIN ƏMƏKDAR HƏKİMİ, TRANSPLANTOLOQLAR ASSOSİASİYASININ SƏDRİ VƏ UROLOQLAR ASSOSİASİYASININ SƏDR MÜAVİNİ, AVROPA UROLOQLAR ASSOSİASİYASININ ÜZVÜ.
Görkəmli uroloq- alim, tibb elmləri doktoru, professor, Respublikanın əməkdar həkimi, respublika Transpantoloqlar Assiasiyasının sədri , Uroloqlar Cəmiyyətinin sədr müavini, Kamal müəllim ilk dəfə respublikada təşkil etdiyi << Uroloji Mərkəz Kamal Abdullayevin klinikası >> MMC-nin hal-hazırda direktoru vəzifəsində çalışır.
Abdullayev Kamal İsmayıl oğlu, 1940-cı il oktyabr ayının 2-də Cəlilabad rayonunda qulluqçu ailəsində anadan olub. Nizami adına orta məktəbi bitirdikdən sonra 1958-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstituna daxil olmuşdu və 1964-cü ildə Tibb İnstitunu bitirmişdir. Əmək fəaliyyətinə Cəlilabad rayonu Sabirabad kənd xəstəxanasında baş həkim vəzifəsindən başlamış, 1965-1972-ci ilə kimi cərrah vəzifəsində işləmişdir.
1972-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstutunun << Urologiya və operativ nefrologiya >> kafedrasına aspiranturaya daxil olmuşdur. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstutu keçmiş sovetlər ittifaqında həkimlərin təkmilləşdirilməsi sahəsində öz xüsusi çəkisi olan bir elm ocağı idi. Urologiya kafedrası həmin instutun ən aparıcı kafedrasından idi. Kamal müəllim, 1972-1989-cu illər ərzində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstutunda assisent, dassent,professor vəzifələrində işləmişdir. Gənc alimin, bacarıqlı cərrah, pedaqoq və təşkilatçı kimi fəaliyyətləri olmuşdur. Onun apardığı təkmilləşmə kursalarında keçmiş ittifaqın çox şəhərlərindən gələn həkimlər öz bilik səviyyələrini artırmaqla yanaşı, bəziləri Kamal müəllimin pedaqoji fəaliyyətinin təsiri altında elmi iş götrmüş və nəticədə öz həyatlarını elmə bağlamış, urologiya elminin müxtəlif istiqamətləri üzrə müdafiə edərək alim adı almışlar.
1973-cü ildə Respublikada ilk dəfə olaraq Respublika Klinik Uroloji Xəstəxananın nəznində uşaq uronefroloji şöbəsi yaradılmış və bu şöbəyə rəhbərlik K.Abdullayevə həvalə edilmişdir.
1975-ci ildə << Səhiyyə əlaçısı >> döş nişanı ilə təltif olunmuşdur.
O, uşaq uronefrologiyasının respublikada ilk yaradıcısı və təşkilatçısıdır. Respublikada ilk dəfə olaraq K. Abdullayevin rəhbərliyi ilə << Uşaq uroloji xəstəxanası >> təşkil edilmiş və bu günə kimi bu işin inkişaf etdirilməsi üçün çox iş görülmüşdür.
Kamal müəllim, << İki tərəfli meqaureterin cərrahiyyəsi >> və << Hipospadiyanın cərrahiyyəsi >> adlı iki elmi-tədris filminə rəhbərlik etmişdir. << İki tərəfli meqaureterin cərrahiyyəsi >> filmi Moskvada XTNS-nin qızıl medalına layiq görülmüşdür.
K. Abdullayev 1978-ci ildə Moskvada namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, hələ sovetlər ittifaqı vaxtı dəfələrlə Çexoslovakiyada, Yuqoslaviyada, Rusiyyanın mərkəzi şəhərlərində, Türkiyə, Macarıstan, Bolqarıstan və İran İslam Respublikasında konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
1989-cu ilin dekabr ayında K.Abullayev Bakı Baş Səhiyyə İdarəsinin müdürü vəzifəsinə seçilmişdir.
Professor Kamal Abdullayev 1990-cı ildə Azəraycanda ilk dəfə olaraq Respublika Uşaq Uroloji xəstəxanasının əsasını qoymuşdur. Sonralar klinika böyük inkişaf yolu keçərək, uroloji mərkəzə çevrilmişdir və təkcə uşaqlara yox, yaş həddindən asılı olmayaraq daha çox pasientə xidmət göstərməyə başlamışdır. İlk dəfə olaraq suveren respublikamızda, Kamal Abdullayevin başçılıq etdiyi bu klinikada 23 böyrək köçürmə əməliyyatı aparmışdır.
Professor Kamal Abdullayev dəyərli ziyalı, vətənpərvər, ictimai xadim, ən başlıcası isə daxili dünyası mərhəmət duyğuları ilə zəngin olan nəcib bir insandır. Yeni Azərbaycan Partiyasının üzvü, Cəlilabad Xeyriyyə Cəmiyyətinin sədri olaraq müxtəlif ictimai tədbirlərdə fəal iştirak etməyi özünə mənəvi borc bilir. Kamal müəllim ictimaiyyətçidir. O, 1993-cü ildə Yeni Azərbaycan Partiyasının Nəsimi rayonu üzrə bu klinikada ilk partiya təkilatını yaratmışdır.
Uzun müddət respublikanın baş uşaq uroloqu, 2004-2005-ci illərdə isə Səhiyyə Nazirliyinin baş uroloqu olmuşdur.
Professor Kamal Abdullayev, Respublika Transpantoloqlar Assosiyasının sədri, Respublika Uroloqlar Cəmiyyətinin sədr müavinidir, Avropa Uroloqlar Cəmiyyətinin üzvüdür. 2000-ci ildə Kamal Abdullayevə Azərbaycan Respublikası prezidenti tərəfindən "Əməkdar Həkim" adı verilmişdir. Görkəmli alim indiyə kimi məşğul olduğu elm sahəsinin ayrı-ayrı problemlərinə dair 4 monoqrafiyanın və 200 dən çox elmi məqalənin, 14 səmərələşdirici təklifin müəllifi olmuşdur.
Bacarıqlı təşkilatçı kimi tanınan K.Abdullayev nəinki vətəndə, eyni zamanda respublikamızdan çox-çox uzaqlarda da tanınır.
Kamal Abdullayev, həkimlik təcrübəsində keçdiyi mürəkkəb, zəngin həyat yolu və tibb sahəsindəki görkəmli xidmətləri ilə seçilən bir şəxsiyyətdir.
Digər Xəbərlər
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:24:12
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28