Azərbaycan Prezidenti İlham Əliyev "ASAN xidmət mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədilə yaradılmış "ASAN xidmət mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində vətəndaşların böyük rəğbətini qazanıb.
"ASAN xidmət modeli dövlət xidmətlərinin göstərilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində aparılan institusional islahatların uğurlu nəticəsidir.
"ASAN xidmət mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, etik davranış, nəzakətlilik və məsuliyyət prinsipləri əsasında yüksək standartlar çərçivəsində qurulur və inkişaf etdirilir.
Bununla yanaşı mərkəzlərdə işləyənlərin böyük əksəriyyətini təşkil edən gənclərin dövlətçilik ənənələri və vətənpərvərlik ruhunda yetişməsinə, sosial məsuliyyət hissinin güclənməsinə, yeni nəsil dövlət qulluqçularının formalaşmasına nail olunur.
Sərəncama əsasən, qeyd olunan nailiyyətlərin əldə edilməsində "ASAN xidmət mərkəzlərində xidmət göstərən işçilərin və könüllülərin əməyinin xüsusi rolu olduğunu nəzərə alaraq onların həvəsləndirilməsi və bu fəaliyyətin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, "ASAN xidmət mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 milyon manat ayrılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə "ASAN xidmət mərkəzlərinin fəaliyyətinin inkişafı ilə əlaqədar tədbirlər görmək, işçilərinin, mərkəzlərdə fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi məqsədilə onlara bir il müddətində aylıq mükafat verilməsini təmin etmək tapşırılıb.
Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Bu sərəncam 2016-cı il avqustun 1-dən qüvvəyə minir.