Məlum olduğu kimi, Gəncə Şəhər İcra Hakimiyyəti və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən şəhərin müxtəlif ərazilərində yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərində və parklarda “ABAD məhəllə” layihəsi çərçivəsində yenidənqurma işləri davam etdirilir. Layihənin əsas məqsədi həyətlərin və parkların müasir standartlara uyğun abadlaşdırılması, sakinlər üçün daha rahat və təhlükəsiz mühitin yaradılmasıdır.
"Unikal" xəbər verir ki, bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov N.Nərimanov və Ş.İ.Xətai prospektlərinin ərazisində yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərində aparılan abadlıq və yenidənqurma işləri ilə yerində tanış olub.
Şəhər rəhbərinə məlumat verilib ki, hazırda Gəncə şəhərində 14 yaşayış binasının həyətində genişmiqyaslı abadlıq, təmir və yenidənqurma işləri həyata keçirilir. Görülən işlər çərçivəsində sakinlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili məqsədilə uşaq və idman meydançaları yaradılır, müasir idman qurğuları quraşdırılır, uşaqlar üçün xüsusi oyun sahələri salınır. Bununla yanaşı, həyətlərdə kiçik parklar salınır, tamet və bordür daşları döşənir, ərazilər abadlaşdırılır.
Layihə çərçivəsində binaların fasadları da əsaslı şəkildə təmir edilir və rənglənir. Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə həyətlərdə və parklarda müasir işıqlandırma sistemləri quraşdırılır, yeni oturacaqlar və zibil qutuları yerləşdirilir. Eyni zamanda, yaşıllıq zolaqlarının genişləndirilməsi və qorunması üçün yeni suvarma sistemləri və zəruri kommunikasiya xətləri çəkilir. Sakinlərin istirahəti üçün həyətlərdə və parklarda söhbətgahların inşası da nəzərdə tutulub.
Bundan əlavə, şəhər üzrə 10-dan çox parkın əsaslı və cari təmirinin aparılması planlaşdırılır.
Niyazi Bayramov görülən işlərlə yerində tanış olub, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.
Baxış zamanı Niyazi Bayramov ərazidə yaşayan uşaqlarla görüşərək onlarla səmimi söhbət aparıb. Görüş zamanı uşaqlardan birinə velosiped hədiyyə edib. Həmin gün doğum gününü qeyd edən digər uşağı təbrik edərək ona planşet təqdim edib. Eyni zamanda, uşaqların istəkləri nəzərə alınaraq onlara toplar hədiyyə edib.





.jpg)

.jpg)


.jpeg)










.jpg)

































