"Qafqazda vəziyyət sabit olsa da, olduqca çətindir.
Unikal.org xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Qafqazda vəziyyətin çətin olmasının səbəbi məlumdur: "KTMT bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Biz təşkilat olaraq bu və digər münaqişələrin siyasi yola həllinə kömək etməyə hazırıq. Bir vacib məqamı qeyd etmək istəyirəm. KTMT Dağlıq Qarabağ münaqişəsinə, o cümlədən digər münaqişələrə qarışmır. Həmin münaqişələrin həlli ilə BMT-nin himayəsi altında digər institutlar məşğul olur. Biz ancaq bu münaqişələrin siyasi yolla həllinə kömək edə bilərik".
KTMT baş katibi erməni jurnalistin "Rusiyada təhsil alan Ermənistan hərbçilərinin sayının son bir ildə artmasının səbəbi nə ilə bağlıdır sualına cavabında bildirib ki, bu gün Ermənistan ordusunun komandir heyətində yüksək ixtisaslı kadr çatışmazlığı var: "Rusiyada, o cümlədən KTMT ölkəsi olan Belarusda təhsil alan Ermənistan hərbçilərinin sayının artması Ermənistan ordusunun ehtiyacından irəli gəlir".