Beynəlxalq Soyuq Logistika Assosiasiyası (Global Cold Chain Alliance, GCCA) aqrobiznesin potensialını genişləndirməkdə və Azərbaycan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara çıxarılmasında Azərbaycana kömək etməyə hazırdır.

Unikal.org Trend-ə istinadən bildirir ki, bunu Bakıda jurnalistlərə GCCA-nın beynəlxalq proqramlar üzrə vitse-prezidenti Riçard Treysi deyib.

O, Azərbaycanın aqrar məhsullarının digər ölkələrə ixracı imkanına toxunaraq deyib ki, Azərbaycan dünyada ən dadlı məhsullar istehsal edən ölkələrdən biridir: "Məsələ burasındadır ki, Azərbaycan rəqabət qabiliyyətli qiymətə məhsul istehsal edə bilərmi? Digər tərəfdən Azərbaycan nar ixracında üstünlüyə malikdir. Ölkədə istehsal olunan narlar keyfiyyətlidir və yaxşı qiymətədir".