Azərbaycan Televiziyası 60 illik yubileyini hamının gördüyü və etiraf etdiyi, inkarolunmaz uğurları ilə qeyd etdi.

Ünvanına yaxından-uzaqdan çox sayda təbriklər gəldi, haqqında xoş fikirlər səsləndi. Belə bir əlamətdar gündə həmin uğurları gözügötürməyən biri də “qoşuldu” təbriklərə: Qulu Məhərrəmli.

İllərdir içində yatan kin-küdurətini, qəzəbini, hikkəsini, paxıllığını, xəbisliyini, bədxahlığını bayram günündə açıb tökdü ortalığa, vaxtilə çalışdığı, adından şəxşi maraqları naminə geninə-boluna bəhrələndiyi, onun hesabına layiq olmadığı mərtəbələrə qalxdığı, indi isə kənardan baxıb uğurlarını həzm edə bilmədiyi AzTV-yə od püskürdü. Yenə gözlərini yumub, dediklərinin fərqinə varmadan ağzına və ağlına gələnləri danışdı. Çox güman ki, “professor”un özünün təşkil etdiyi müsahibədən məqsədi də elə bu idi. Ürək bulandırmaq. Neyləsin, adam bu sahənin “professoru”dur. Bu müsahibə son vaxtlar bəzi şou-biznes nümayəndələrinin cəmiyyətin böyük təpki və ikrahla qarşıladığı qeybətini xatırlatdı. Necə olsa, onlara keçmək olar, axı qeybət qadın xeylağının məşğuliyyətidir.  

Biz də məşhur bir el məsəlini xatırladaraq “professor”un bu qeybətinin üstündən keçər, cavab verməklə onu bu qədər şərəfləndirməzdik. Amma və... Təəssüf ki, unutduğu bəzi məqamları yada salmağa ehtiyac var.  

Söhbət 14 fevral 2016-cı il tarixdə “Azpolitika.info” saytında Qulu Məhərrəmli ilə “Arif Alışanov dağıdıcı adamdır, AzTV-ni oyuncağa çevirib” adlı müsahibədən gedir. Biz, Azərbaycan Teleradiosunun əməkdaşları bu müsahibəni qəzəblə, nifrətlə, ikrah hissi ilə oxuduq.

Əvvəlcə, müsahibəni götürən Ağa Cəfərliyə xatırlatma: bundan sonra “teleradio tarixinin tədqiqatçısı, professor Qulu Məhərrəmli” təqdimatını düşünüb-daşınıb, sonra yazın. Çünki onun necə “teleradio tarixinin tədqiqatçısı” olduğuna, AzTV-də işlədiyi illərdə Rusiya nəşrlərindən köçürmələr və öz əməkdaşlarının əməyini, vaxtını, “zehni”ni mənimsəyərək apardığı “tədqiat”lara yaxşı bələdik. Ən azından, o vaxt “Səhər” proqramında işləyənlər bunu yaxşı bilir. “Səhər” proqramına necə rəhbərlik etməsi hamının yadındadır. Bir-iki saat iş yerində olmaq, günün qalan hissəsini öz şəxsi işlərinə sərf etmək – bu, olub onun iş prinsipi. AzTV-dən, “AzTV adı”ndan yalnız öz şəxsi üçün istifadə edib, özünü reklam edərək nüfuzlu bir xidmətçi kimi göstərib. “Yüksək idarəçilik” qabiliyyəti də unudulmayıb: iki gündən bir əməkdaşları ilə “yumruq davası”na çıxmaq, istedadlı insanları redaksiyadan perik salmaq, haqqını tapdalamaq, insanların əmək haqqını mənimsəmək və s. Kobudluğu, əcaib idarəçiliyi ilə ad çıxarmışdı. Bu idarəçiliklə çox uzağa getmək olmazdı və gedə də bilmədi.

Səni qiymətə mindirən, səni “adam” edib ortaya çıxaran AzTV olub. Bu gün sənə “ekspert” kimi müraciət edirlərsə, bu, AzTV-nin xidmətidir. “Əməkdar jurnalist” adını da burada işləyərkən almısan, özü də Arif Alışanovun təqdimatı ilə. Heç olmasa, bütün bunlara rəğmən, qəzəbini cilovlayardın. Ləkə vurmağa, çirkab atmağa, qara yaxmağa nə var?

Əlbəttə,kimisə tənqid etmək olar, hansı iş haqqındasa tənqidi danışmaq olar. Amma kimisə təhqir etmək –bu, qətiyyən yolverilməzdir.Yəqin, “hörmətli professor”, ən azından təhqirlə tənqidi bir-birindən ayıra bilirsən. Davamlı olaraq AzTV və onun sədri haqqında aşkar və gizli yazdıqların, yaxud yazdırtdıqların, öz sözünlə desək, iyrənc “milçək vızıltısı”ndan başqa bir şey deyil.

Bizdən sənə məsləhət, yaxşı olar ki, bütün hikkəni, kinini yerə qoyub rahatlıq tap, sağlamlığına fikir ver. Hikkən öz başında çatlaya bilər, axı “sirkə nə qədər tünd olsa, öz qabını partladar”. Ən yaxsısı, susmaqdır, çünki danışdıqca özünü daha gülünc vəziyyətə salırsan, sədr olmaq istəyi “şirin xəyal” kimi ürəyində qalan zavallı! Unutma, səndən sədr olmaz! Bilirsən, nədən? Sədr təyin etmək səlahiyyətimiz olmasa da, bir həqiqəti yaxşı bilirik: sədrin də, əsl insan kimi bir sifəti, bir əqidəsi olar. Sən isə ömrün boyu min sifətə, min amala, min adama qulluq etmisən, əlin gündə birinin cibindən çıxıb. Sən heç kimə sədaqətlə xidmət etməmisən. Nə şəxsi mövqeyin, nə vətəndaşlıq mövqeyin, nə siyasi mövqeyin bəlli olub. Hər zaman “iki kresloda oturan adam olmusan”. “Hər kəsin gözündə yaxşı görünmək, “ingilis bayrağı kimi” o tərəf-bu tərəfə yellənmək, bir budaqda oturub, min budaq silkələmək, hər kəsin mövqeyində olmaq kimi görünmək... – budur sənin xislətin. İnsaf naminə deyək ki, bunları çox gözəl bacarırsan!

Səndən fərqli olaraq AzTV və onun sədri Arif Alışanov kimə və nəyə xidmət edir – bəllidir. Hansı dəyərləri təbliğ edir – aydındır. AzTV xoş mərama, xoş niyyətə xidmət edir.AzTV-nin videotekasında təkcə son 10 ildə Arif Alışanovun təşəbbüsü ilə çəkilən, tariximizi, elmimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi təbliğ edən, salnaməyə çevirən yüzlərlə film toplanıb. Bu filmlər çox dəyərli xəzinədir, tarixin yaddaş salnaməsidir.

Sənin dediklərin yalnız özünə aiddir. Güzgüyə baxıb adını özgəyə qoyma! Alınmaz! Çünki hərənin bir adı var, o da çoxdan məlumdur. AzTV sədrinin adı Arifdir. Adı kimi arif olan bu insan 3 kanala böyük səriştə və peşəkarlıqla rəhbərlik edir. 10 ildə AzTV-ni ən müasir, ən çevik, ən baxımlı, ən peşəkar kanala çevirib. Hər şey göz önündədir. “Görünən kəndə nə bələdçi?” Hər gün istər ölkə daxilində, istərsə də ondan kənarda milyonlarla insan görür AzTV-ni.Yalnız korlar görə bilməz onun uğurlarını. Sən və“Arif Alışanov AzTV tarixinin qara ləkəsi” sitatını gətirdiyin “həmməslək”lərin! Bir şeyi unutmayın: Arif Alışanov AzTV-yə başucalığı gətirib, onun üzünü ağardıb. Bütün sədrlərin AzTV tarixindəki xidmətlərindən qat-qat üstününü edib.Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nə sədr təyin edilən Arif Nizam oğlu Alışanov 17 yaşından televiziyaya gəlib. Ömrü boyu da ilk iş yerinə sadiq qalıb. Ən çətini də elə budur: bir yerə bağlanmaq, bir yerdə qalmaq, o yerin çətininə də dözmək, asanına da. Az maaşa da qane olmaq, çoxa da. Hələ ondan da çətini var: özünü təsdiq etmək, etimadı doğrultmaq, pillə-pillə üzüyuxarı getmək. Bunu bacarmaq lazımdır. O, bacarıb! Sədr olduğu 10 ildə ən yaxşı televiziyaçı, TV mütəxəssisi, TV bilicisi olduğunu təsdiq edib.

Ən qəribəsi budur ki, məkrli müsahibəndə tez-tez özünü təkzib edirsən. Sitat: “...yaxşı cəhət odur ki, bu 10 ildə ekranda görüntünün keyfiyyəti xeyli yüksəlib, maddi-texniki baza güclənib, təmir-tikinti işləri genişlənib, kənardan lisenziyalı proqramlar alınıb, muğam müsabiqələri keçirilib, xüsusən musiqi proqramlarının, eləcə də bəzi ədəbi verilişlərin çəkilişi və təqdimatı yaxşılaşıb.”

Sual olunur, əgər inkişaf varsa, bəs onu kim edib? Əgər “yaxşı”nı görürsənsə, bəs onun müəllifini görəndə niyə gözlərin bağlanır?

“Bu adamın rəhbərliyə gəlişi, içi mən qarışıq, əməkdaşların əksəriyyətində illüziya yaratmışdı. Amma çox tezliklə məlum oldu ki, sədr kreslosuna əyləşmiş bu adamın içi bom-boşdur, çox bəsitdir, yaradıcı qabiliyyəti, idarəçilik mədəniyyəti, adi savadı, ümumi səviyyəsi və elementar dünyagörüşü yoxdur. Bu səviyyə ilə də heç nə yaratmağa qadir deyil.” Belə yazırsan. Yaz, əlindən başqa nə gəlir ki! Şakərin şər-böhtan yazmaqdır. Həqiqət isə başqadır. Bu 10 il kimin “içi bom-boş, çox bəsit” olduğunu yaxşı sübut edib.

Ey dostluqdan ağızdolusu danışan “professor”! Sənin üçün dost – öz mənafeyindir. Hansı dostluqdan danışırsan ki, AzTV-də olarkən, “dost” deyib köməyindən yetərincə istifadə etdiyin Arif Alışanov haqqında şər-böhtan dolu informasiyaları elə o vaxtlar müxtəlif mətbu orqanlarına ötürürdün! Budurmu, sənin dostluğun? Yenə özündən sitat gətirməli oluruq: “Bu köhnə mövzu olsa da, əlbəttə, mən bu adamla nə vaxtsa yaxın olmağımı dana bilmərəm və o vaxtkı Alışanov haqqında da yalnız yaxşı şeylər deyə bilərəm. Amma bilirsiniz, hamının zay çıxan dostu ola bilər, o cümlədən mənim də”. Nə qədər zavallısınız! Bir az əvvəl Arif Alışanov haqqında başqa fikir söyləyirdiniz! Əgər o, sənin dediyin kimi “içi bom-boş, çox bəsit, yaradıcı qabiliyyəti, idarəçilik mədəniyyəti, adi savad” olmayan biri idisə, nə əcəb, onunla dostluq edirdin? Onun “mərhəməti”ndən bəhrələnmək üçünmü? Zaman göstərdi ki, sən “zay dost” olmusan. Çünki Arif Alışanov vəzifəyə gələndən sonra da sənə mərhəmətini əsirgəmədi, böyük bir departamentə – “Müəllif proqramları departamenti”nə rəhbərliyi sənə etibar etdi. Bəs sən neylədin? Yenə də arxadan zərbə vurdun və nəhayət ki, layiqli cavabını aldın.

“Təəssüf ki, Alışanov sədr kreslosunda təkcə məni yox, onu tanıyanların çoxunu təəccübləndirdi. Feodal düşüncəsi, əcaib idarəçiliyi, kobudluğu, məkrliyi, şərə xidməti, qeyri-adekvat və impulsiv davranışları ilə nələrə “qadir olduğunu” üzə çıxartdı. Bir də bu adam insan xislətinin nə qədər mürəkkəb olduğunu və bir də insan yaramazlığının nə qədər tükənməz potensiala malik olduğunu göstərdi.”

Müsahibədəki bu abzası da tamamilə sənin özünə ünvanlamaq olar, “professor”! “Feodal düşüncəsi, əcaib idarəçiliyi” olan bir səxs Azərbaycan Televiziyasını necə ən müasir, ən çevik televiziyaya çevirə bilərdi?

”...Ən pis olan AzTV-nin kommersiyalaşması və özəl kanalları yamsılamasıdır. Yəni bu qədər yaradıcı qüvvəsi və pulu olan bir TV-nin özəl kanalların artığına göz dikməsi, oradan layihə və aparıcı gətirməsi biabırçılıqdır. Bu gün format etibarı ilə AzTV ekranına yaraşmayan çoxlu sayda verilişlərin gəlməsi acizlikdir” deyə yarınmaq istədiyin özəl kanalları nümunə gətirirsən AzTV-yə. Heç olmasa, CNN-i, BBS-ni... misal çəksəydin, təəccüblənməzdik. AzTV-yə hansı yöndən baxsan, nə texniki, nə yaradıcılıq, nə kadr potensialı baxımından heç bir kanalla müqayisəyə gəlməz.Bunu biz yox, hansısa “TV eksperti” yox, AzTV-ni heyranlıqla gəzən əcnəbi (Rusiya, Avropa, Asiya və s.) ekspertlər, TV biliciləri etiraf edirlər. Bunu AzTV-nin təkcə son 10 ildə qazandığı çox sayda nüfuzlu beynəlxalq mükafat təsdiq edir.

Bəlkə, deyəsən, özəl kanalların hansı verilişi AzTV-nin verilişlərindən maraqlıdır? AzTV-nin ən zəif verilişi belə digər kanalların ən “gurultulu” verilişlərindən çox-çox səviyyəlidir. AzTV-nin layihələrinin milyonlarla tamaşaçısı var. AzTV-nin proqramlarında, verilişlərində xalqın əxlaqına, mənəviyyatına, milli mənəvi dəyərlərinə zidd heç nə görə bilməzsən. Bu gün elə bir sosial problem yoxdur ki, AzTV onu operativ şəkildə, peşəkarlıqla işıqlandırmasın və s. Görəsən, AzTV hansı özəl kanalın layihəsini götürüb? Heç birinin! Əksinə, bəzi özəl kanallar AzTV-nin verilişlərinin formatını mənimsəyiblər. O ki qaldı, AzTV-yə digər kanallardan kadrların gəlməsinə. Burada da qeyri-adi heç nə yoxdur. TV canlı orqanizmdir, o, daim təzələnir, yenilənir.

Yeri gəlmişkən, Arif Alışanovun bir böyük xidməti də var televiziya tarixində. Arif müəllim Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan gəncləşdirmə siyasətinə böyük töhfə verib. Sabah da Azərbaycan televiziyalarında uğurla öz sözünü deyə biləcək çox sayda kadr yetişdirib. İstedadlı gənclərə meydan verib, onlara mükəmməl iş şəraiti yaradıb, hərətərfli qayğı göstərib. Özünə “xal qazanmaq” üçün AzTV-dən gedən qocaman işçilərin də dərdini çəkmə! Arif Alışanov onların istedadlı, bacarıqlı övladlarına da AzTV-də yaşıl işıq yandırıb. 

Uzun sözün qısası, sənin “təhqir”lə dolu bədnam müsahibənin bir cavabı var: qədirbilməzlik, paxıllıq, gözügötürməzlik. İçindəki kin-küdurət gözlərini elə bağlayıb ki, həqiqəti görə bilmirsən. Yazıqlar olsun!..

AzTV-də, onun sədrində zərrəbinlə eyib axtarmaqdansa, “elmi işlərinlə” məşğul olsan, daha yaxşı olar. Bu, heç olmasa, bəd əməllərini ört-basdır etməkdə yardımçın olar...

Şahin Əhmədov