Nağd pulla alış-verişə hədd qoyulacaq?
12:53 14-06-2012
İQTİSADİYYAT
Nağd pulla alış-verişə hədd qoyulacaq?
Hökumət Azərbaycanda gizli iqtisadiyyatın faizini bu yolla azaltmaq istəyir
Hökumət iri məbləğli nağd ödənişlərə məhdudiyyət qoymaq istəyir və "MBA" konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov bunun əmlak bazarında çoxdan tətbiq edildiyini söyləyir. "Artıq iki ildir ki, əmlak bank hesabları vasitəsi ilə satılır, əks halda notariuslar əmlak alqı-satqısını qeydə almır",- deyə əmlak bazarı üzrə mütəxəssis bildirib.
Onun fikrincə, hökumətin nəzərdə tutduğu yenilik gerçəkləşdirələcəksə, bu, ilk növbədə avtomobil bazarına təsir göstərə biləcək: "Bu məhdudiyyət gerçəkləşdirilərsə, təzə maşınların hamısı nağdsız satılacaq, köhnə maşınlar bazarının əhəmiyyətli dərəcəsi də bank köçürmələri yolu ilə satılacaq".
Söhbət Azərbaycan Mərkəzi Bankı tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması üzrə hazırlanan və 2012-2016-cı illəri əhatə edəcək xüsusi dövləti proqramının hökumətə təhvil verilməsindən gedir. Proqramın detalları hələ məlum olmasa da, artıq nağd ödənişlərin yuxarı limiti
barədə müxtəlif fikirlər səsləndirilir. Məsələn, "PricewaterhouseCoopers" şirkətinin təmsilçiləri 1000 manatdan artıq bütün satınalmaların nağdsız gerçəkləşdirilməsini təklif edirlər.
Onların fikrincə, bir adamın bir ay ərzində etdiyi nağdsız satınalmaları da məbləği 5 min manatı ötməməlidir. Hökumətə yaxın çevrələr isə məhdudiyyətlərin bir dəfəlik ödəniş üçün 5 min manatdan yuxarı, bir adamın aylıq ödənişləri üçün isə 20 min manatda yuxarıya tətbiq ediləcəyini, bu barədə Vergilər Məcəlləsinə düzəlişlər ediləcəyini vurğulayırlar.
Kölgə iqtisadiyyatının Azərbaycandakı
qorxunc faizi
Bu məsələdə əsas məqsədin vergi nəzarətinin dərinləşdirilməsi olduğu hər kəsə aydındır. Hər halda, iri satınalmalar bank vasitəsi ilə gerçəkləşdirildikdə vergi nəzarətindən yayına bilmir və vergiyə cəlb olunur. Dünya Bankının araşdırmasına görə, Azərbaycanın bu barədə ciddi problemi var və kölgə, yəni vergidən kənarda qalan iqtisadiyyat ümumi ölkə ümumi daxili məhsulunun (ÜDM) 60 faizi səviyyəsindədir.
Yəni bu iqtisadiyyat vergi nəzarətinə cəlb edilə bilsə, təbii ki, büdcəyə vergi yolu ilə daxil olan vəsaitlər 60% artar, uyğun olaraq büdcədən maaş alanların - dövlət məmurlarının, müəllimlərin, həkimlərin və uyğun olaraq aldıqları vəsaitin çox hissəsi hissəsi büdcə ayırmaları hesabına formalaşan pensiyaçıların güzəranı də bir 60% düzələ bilər.
Hökumət bu yolu tutmaqla velosiped icad etmək fikrinə də düşməyib və inkişaf etmiş qərb ölkələrinin gizli iqtisadiyyatı yoxa çıxarmaq üçün qət etdiyi yolu izləyir. Hazırda inkişaf etmiş Qərbi Avropa ölkələrində ödənişlərin 80-90%-i, Skandinaviya ölkələrində isə 95%-ə qədəri nağdsız üsulla gercəkləşdirilir. Qərbi Avropa ölkələri nağdsız ödənişləri hər vasitə ilə stimullaşdırmaqla həm iqtisadiyyatda maksimum şəffaflığa nail olublar, həm də vətəndaşları üzərlərində iri məbləğdə pul daşımaq riskindən xilas ediblər. Şimal qonşumuz Rusiya da bu yolla getmək istəyir və 2014-cü ilin yanvarın 1-dən bu ölkədə 600 min rubldan yuxarı ödənişlərin hamısının nağdsız gerçəkləşdiriləcəyi bildirilir.
Bəs bunda
məqsəd nədir?
Məsələ burasındadır ki, dünya təcrübəsindən yararlanan Azərbaycan hökuməti də nağd ödənişlərə məhdudiyyət qoymaqla bazarı nəzarətə götürmək istəyir. Amma ölkənin bu sahədə görəcəyi işlər həddindən çoxdur, çünki Azərbaycanda nağdsız ödənişlərin səviyyəsi çox aşağıdır.
Statistikaya görə, 2011-ci ildə ölkə üzrə ticarət və xidmətlər dövriyyəsi 21,8 milyard manat olub və bunun yalnız 800 milyon manatı, yəni 3,7 faizi nadğsız yolla gerçəkləşdirilib.
Araşdırmaya görə, mətbuatın yazdığı limit variantları ilə geniş xalq istehlakı malları bazarını nəzarət götürmək mümkün deyil. Azərbaycanda xalq istehlakı malları sektorunda bir müştərinin gün ərzində 1000 manatdan artıq mal satınalmasına çox az rast gəlinir. Yəni bu cür alqı-satqı halları yalnız əmlak, avtomobil, bahalı mebellər və tikinti materialları bazarında rast gəlinir.
Əgər limit 5000 manata qaldırılarsa, bir sıra ikinci əl avtomobillər və bahalı mebellər, həm də tikinti materialları alqı-satqısı da bu sıradan çıxır. Həm də tikinti materialları bazarının özündə vergi nəzarətinin gerçəkləşdirilməsinə ehtiyac var. Yəni tikinti materialları satılan və gur alver gedən iri meydanlarda nə kassa aparatına, nə də pos-terminallara rast gəlmək mümkün deyil.
Ekspert rəyi
Amma bununla belə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə, bu limitin tətbiqinin faydası böyük olacaq: "Azərbaycanda dövlət vəsaitləri hesabına iri sərmayələr qoyulur və bu da öz növbəsində iri ölçülü satınalamaların edilməsini vacib edir. Yəni hər hansı başqa bir sektor nağdsız ödənişdən qaçsa da, dövlət sektoru bunu edə bilməyəcək. Nəticədə, bu cür satınalmalara vergi nəzarəti dərinləşəcək". İqtisadçı ekspertin fikrincə, tətbiq ediləcək limitin hesabına Azərbaycan üzrə nağdsız ödənişlərin səviyyəsini 15-20%-ə qaldırmaq mümkün olacaq.
Lakin Samir Əliyev nağdsız ödənişlərin səviyyəsini daha da artırmağı mümkün sayır: "Bizdə kartdan istifadə səviyyəsi çox aşağıdır. Hazırda ölkə üzrə 4,7 milyon plastik kart var, yəni ölkə üzrə 2 adama bir kart düşür. Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə bu, çox aşağıdır. Adambaşına ən azı bir kart düşməlidir. Yəni həddi-buluğa çatmış insanda bir neçə kart düşməlidir. Amma problem təkcə bundan ibarət deyil, məsələ kartların istifadə təyinatı ilə bağlıdır. Bizdəki 4,7 milyon plastik kartın yalnız 202 milyonu kredit kartıdır, qalanlar isə debit kartıdır və yalnız ATM-lərdən pul çıxarmaq üçün istifadə edilir. Təcrübə göstərir ki, nağdsız ödənişlərin artırılmasında kredit kartları xüsusi rol oynayır",- deyə Samir Əliyev bildirir.
Və sonda:
İqtisadçı ekspertin sözlərindən belə çıxır ki, vətəndaşın pulu olmasa da, bu varianta o, kredit kart vasitəsi alış-veriş edir və 30 gün ərzində, yəni maaşı alandan sonra bankın borcunu qaytarır. Bununla da, həm bank sektoru, həm də istehlak bazarının dövriyyəsi artır. Ən əsası isə ticarət dövriyyəsində nağdsız hesablaşmaların payı artır və vergi nəzarəti dərinləşir. Gərək Azərbaycan bankları bu məsələyə xüsusi diqqət yetirsinlər.
Çingiz Rüstəmov
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40