ABŞ-ın Oreqon Universitetinin alimləri belə hesab edirlər ki, əllərin müntəzəm sürətdə antibakterial sabunla yuyulması superbakteriyaların əmələ gəlməsinə gətirib çıxarır.
Unikal.org AzərTac-a istinadən xəbər verir ki, mütəxəssislər idman zalının, su hovuzunun, ofis və camaşırxananın olduğu idman kompleksindən toz və tər nümunələri götürüb tədqiq ediblər. Götürülmüş nümunələrdə antibiotik və digər dərman vasitələrinə qarşı heç bir reaksiya verməyən superbakteriyalar aşkar olunub.
Tədqiqatın müəllifləri belə nəticəyə gəliblər ki, bu cür orqanizmlərin meydana gəlməsi "təkamülə oxşar halla bağlıdır. Mütəxəssislərin fikrincə, bakteriyalar hər dəfə sabunla təmasda olduqda özlərinə zəruri olan immunitet qazanıblar. Ekspertlərin sözlərinə görə, mikroblara qarşı daha güclü antibiotiklər tətbiq etdikdə, onların bu cür maddələrdən müdafiə qabiliyyəti yalnız yüksəlir.
Qeyd edək ki, hazırda superbakteriyaların yaranmasına səbəb kosmetika, diş məcunu və şampunlarda istifadə olunan triklozan, etil, metil və sair kimi maddələrdir.