Bakıda III “Nine Senses Fest 2026” Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalının açılış mərasimi olub.

"Unikal" xəbər verir ki, festival “Köklərdən inkişafa doğru” şüarı ilə keçirilir və insanın şüurlu həyata, daxili harmoniyaya və şəxsi inkişafa aparan yolunu ifadə edir.

Tədbiri açan “Nine Senses Art Center” mərkəzinin akademik direktoru Natalya Jukova bildirib ki, müasir həyatın sürətli ritmində daxili tarazlığı qorumaq, fiziki və emosional vəziyyətə diqqət yetirmək xüsusilə vacibdir.

“Nine Senses” qədim biliklərlə müasir təcrübələrin qovuşduğu bir məkandır. Burada hər kəs dayanıb özünü dinləyə və daha şüurlu, daha ahəngdar həyata doğru addım ata bilər. İnkişafa, sağlamlığa və mənəvi yüksəlişə can atan, müxtəlif ölkələri, mədəniyyətləri və ənənələri təmsil edən insanları Bakıda salamlamaqdan məmnunuq”, – deyə o vurğulayıb.

Bu il festival dünyanın müxtəlif ölkələrindən 1500-ə yaxın iştirakçını və 80 eksperti bir araya gətirib. Üç gün ərzində paytaxtın müxtəlif məkanlarında və “Sea Breeze” kurort kompleksində mühazirələr, ustad dərsləri, meditasiya və nəfəs təcrübələri, maarifləndirici sessiyalar, yaradıcı görüşlər və konsert proqramları keçiriləcək.

Açılış mərasimi çərçivəsində qonaqlara özünüinkişaf, art-terapiya, bədən təcrübələri, eləcə də mədəni və musiqi tədbirlərini əhatə edən zəngin festival proqramı təqdim olunub.

Dəvət olunan məruzəçilər arasında kriya-yoqa ustası, bəstəkar və multiinstrumentalist İmram Kriya, psixoloq və kouç Nərgiz Əliyeva, “Neyroqrafika” metodunun müəllifi Pavel Piskaryov, 30 ildən artıq təcrübəsi olan yoqa ustası Bharat Thakur, həmçinin şəxsi inkişaf sahəsində çalışan mütəxəssislər Kənan Məmmədov, Nandan Qautam, Darpan, Lev İvanov, Vadim Popov və Qafar Qənizadə var.

Xatırladaq ki, festival iyunun 14-dək davam edəcək. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın dəstəyi ilə həyata keçirilir.