“Azərbaycan Dəmir Yolları” QSC yay mövsümü ilə əlaqədar olaraq bəzi istiqamətlərdə əlavə qatar reysləri təşkil edəcək.
“Unikal" xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, 13 iyun-31 avqustda Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatarlar hər şənbə və bazar günləri hərəkət edəcək. “Həmçinin 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bu istiqamətdə əlavə reyslər təşkil olunacaq. Qatar Bakıdan şənbə günləri saat 08:30-da, Ağstafadan isə bazar günləri saat 17:15-də yola düşəcək. Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə iyunun 6-dan etibarən həftəsonları hər iki istiqamətdə səfərlər həyata keçirilir. Sərnişin axınının qarşılanması məqsədilə iyunun 26-ı bu marşrut üzrə əlavə reys də təyin olunub. Bundan başqa, iyulun 4-dən etibarən Bakı–Qəbələ–Bakı marşrutu üzrə hərəkət edən qatarlar Ucar stansiyasında da dayanacaq. Yenilik bölgə sakinlərinin və sərnişinlərin dəmir yolu xidmətlərindən daha rahat istifadə etməsinə şərait yaradacaq. Qatar Bakıdan Qəbələ istiqamətində saat 07:30-da, Qəbələdən isə Bakıya saat 19:00-da yola düşür. ADY həmçinin Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişiklik edib. Belə ki, iyulun 1-dən etibarən qatar Bakıdan saat 23:30-da, Balakəndən isə saat 21:10-da yola düşəcək. Sərnişin tələbatının qarşılanması məqsədilə 12 və 13 iyun tarixlərində Bakıdan və Balakəndən hərəkət edəcək qatarların vaqon sayı artırılaraq 9-a çatdırılacaq. Xatırladaq ki, 6 iyundan etibarən rayonlararası istiqamətlər üzrə səfərlər Dərnəgül stansiyasından da təşkil olunur. Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü qeyri-iş günü qrafikinə uyğun fəaliyyət göstərəcək”, - deyə məlumatda qeyd edilib.





























.jpg)
.jpeg)








.jpg)
















