Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı, “Bahar Enerji” Əməliyyat Şirkəti və SOCAR-ın Sənaye Təhlükəsizliyi İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru Vazeh Əskərov, “Bahar Enerji” Əməliyyat Şirkətinin prezidenti Anar Əliyev, SOCAR-ın Sənaye Təhlükəsizliyi İdarəsinin rəisi, YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya Təşkilatının sədri İskəndər Şirəli, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

“Bahar Enerji” Əməliyyat Şirkətinin inzibati binasında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “Yeni TV” tərəfindən hazırlanmış “Milli Qurtuluşun Azərbaycan fəlsəfəsi” adlı sənədli film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan “Bahar Enerji” Əməliyyat Şirkətinin prezidenti Anar Əliyev bildirib ki, 15 İyun 1993-cü ildə qazanılan Milli Qurtuluş Azərbaycanın siyasi və iqtisadi inkişafının əsasını təşkil edib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, xarici investorların Azərbaycana inamının artmasına və milli neft strategiyasının uğurla həyata keçirilməsinə şərait yaradıb.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov vurğulayıb ki, Milli Qurtuluş Azərbaycanın müstəqilliyinin qorunması, vətəndaş qarşıdurmasının qarşısının alınması və dövlətçiliyin möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. O bildirib ki, həmin dövrdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyət xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışını zəruri edib. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi və tarixi Zəfər məhz Milli Qurtuluş fəlsəfəsinin məntiqi davamıdır.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru Vazeh Əskərov çıxışında Milli Qurtuluşun elm və təhsil sahəsində yaratdığı inkişaf imkanlarından danışıb. O qeyd edib ki, həmin dövrdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində təhsil sistemi qorunub saxlanılıb və müasir inkişaf mərhələsinə qədəm qoyub.

SOCAR-ın Sənaye Təhlükəsizliyi İdarəsinin rəisi İskəndər Şirəli çıxışında bildirib ki, Milli Qurtuluş Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etməklə yanaşı, neft sənayesinin inkişafı üçün də əlverişli zəmin yaradıb. Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin imzalanması ölkənin iqtisadi potensialının reallaşdırılmasına və vətəndaşların rifahının yüksəlməsinə mühüm töhfə verib.

“Bahar Enerji” Əməliyyat Şirkətinin departament direktoru, ərazi partiya təşkilatının sədri Orxan Əliyev vurğulayıb ki, 1993-cü ildə sabitliyin bərpası xarici neft şirkətlərinin Azərbaycana marağını artırıb və milli neft sənayesinin inkişafında yeni mərhələnin əsasını qoyub. O bildirib ki, ölkəmizin enerji sektorunda əldə etdiyi nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu uzaqgörən neft strategiyasının uğurlu nəticəsidir.