İran Xarici İşlər nazirinin müavini Hüseyn Cabiri Ənsari rusiyalı həmkarı Mixail Boqdanovla görüşüb.

Unikal.org xəbər verir ki, 4,5 saat davam edən görüşdən sonra diplomatlar jurnalistlərin suallarını cavablandırıb.

Yaxın Şərqdə baş verən hadisələrə münasibət bildirən Tehran rəsmisi Suriyada atəşkəs qərarını məmnuniyyətlə qarşıladıqlarını deyib. Onun sözlərinə görə, ABŞ atəşkəsin davam etməsi üçün səy göstərməlidir:

"Boqdanovla atəşkəs mövzusu da daxil olmaqla Suriya böhranı barədə müzakirələr apardıq. Suriya böhranı yarandığı gündən İran problemin hərbi yolla həll edilməyəcəyini açıqlayıb. Tək yol siyasi dialoqun davam etdirilməsidir. İlk növbədə insan fəlakəti dayandırılmalıdır. Terrorla mübarizədə istənilən əməkdaşlığa hazırıq. Bu səbəbdən Suriyada axan qanı dayandıracaq bütün təkliflər İran tərəfindən dəstəklənəcək.

Ənsari ABŞ-ın siyasi hədəflərə çatmaq üçün terrorizmdən istifadə etdiyini bildirib.