Azərbaycan Premyer Liqasının 5-ci turunda "Neftçi" "İnter"ə 1:2 hesabı ilə məğlub olub.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, "Neftçi"nin futbolçusu Cavid İmamverdiyev oyundan sonra fikirlərini bölüşüb:
"Heç bir komanda ağır məğlubiyyətdən sonra belə bir oyun göstərə bilməzdi. Bunu ancaq "Neftçi" kimi komanda bacara bilərdi. Düşünürəm ki, gözəl oyun göstərdik. Top çox vaxt bizim komandamızda qalırdı. Fikrimcə, biz bu oyunda qələbə qazanmalı idik. Qələbə qazanmağa borclu idik. Yalnız bunun sayəsində azarkeşlərimizə stimul verə bilərdik. Biz istəyirdik ki, qələbə qazanaq. Ancaq alınmadı. 5 dəqiqəyə 2 qol buraxacağımızı gözləmirdim".
Azarkeşlərin 90 dəqiqə ərzində onları təhqir etməsinə münasibət bildirən futbolçu bunları deyib:
"Düşünürəm ki, bu azarkeşlərin haqqıdı. Çünki biz bu azarkeşlərə çox əziyyət veririk. "Qəbələ"yə 0:8 uduzuruqsa, azarkeşdən nə gözləyək? Azarkeşin də müəyyən yerə qədər səbri var və artıq onların səbr kasası dolub. Azarkeşlər bizə elədiklərinə görə haqlıdılar. Biz onları sevirik və həmişə azarkeşlərimizdən dəstək gözləyirik. Onlar bizi həm alqışlaya, həm də söyə bilərlər. Ancaq yenə deyirəm, "Neftçi"olaraq biz onları sevirik".