Üçüncü tərəfin baxışı: müharibənin astanasında
10:34 16-06-2012
İQTİSADİYYAT
Üçüncü tərəfin baxışı:
müharibənin astanasında
Rus analitiki Yaroslav Vyatkin: "Ermənistanın hərbi ordusu hətta Qarabağ ordusu ilə birlikdə Azərbaycan ordusundan zəif görünür"
Ermənistan-Dağlıq Qarabağ və Azərbaycan arasındakı gərginliyin yeni mərhələsi bu tərəflər arasında yeni müharibənin başlanacağı ehtimalını gücləndirir. Və bu gün bölgədəki hadisələri diqqətlə izləyən bütün analitikləri, sadəcə, bir məsələ düşündürür: müharibə indimi başlayacaq, yoxsa bir az sonra?
Atışmalar və itkilər
Nəzərə alsaq ki, atışan tərəflərin mətbu və rəsmi qurumları döyüş meydanından gələn məlumatları ciddi şəkildə hərbi senzuradan keçirdir, onda üçüncü dövlətin KİV-ə istnad etmək nisbətən obyektiv mənzərə yarada bilər.
Rusiya mətbuatının yazdığına görə, "İyunun 4-dən 10-a qədər Qarabağda və ətraf rayonlarda bir sıra atışmalar baş verib. Hər şey ermənilərin Azərbaycanın növbəti kəşfiyyat-təxribat dəstəsini təqib etməsindən başlanıb. Bu, nadir hadisə deyil - tərəflər müntəzəm şəkildə kəşfiyyat dəstələri göndərərək rəqibin qüvvələrinin yerdəyişmələrini müəyyənləşdirirlər. Sonradan atışamalar gücləndi, bu da hər iki tərəfdən 14 hərbçinin həlak olmasına gətirib çıxardı. O cümlədən iki Azərbaycan sapyoru həlak olub. Deməli, minalanmış sahələr arasındakı keçidlər yoxlanılırmış. Aydındır ki, keçidlər hücumdan qabaq yaradılır.
Təmas xəttindəki atışmalar və kəşfiyyat-təxribat qruplarının reydləri də yeni bir şey deyil. Orada belə hadisələr kifayət qədər tez-tez olur, xüsusən də yay fəslində. Lakin bu dəfə atışmalar daha miqyaslı xarakter alıb. İş artilleriya və hətta döyüş vertolyotlarının tətbiqinə gətirib çıxardıb. Düzdür, bu dəfə Azərbaycan tərəfi daha çox hay-küy salıb: erməni təcavüzkarları hücuma keçiblər. Lakin döyüşlərin bu dəfə şiddətli olduğu gerçəkdir".
Qisas kimə lazımdır?
Rus analitiki Yaroslav Vyatkin hesab edir ki, "Azərbaycanda çoxlarının qisas xəyalı ilə yaşadığı sirr deyil. Məsələn, müharibə hərbçilərə lazımdır - milyardlarla xərclərə bəraət qazandırmaq lazımdır axı... Həm də müharibədə sürətlə karyera əldə etmək olar. Əlbəttə, cəbhədə vurnuxanlar çətin ki vuruşmaq arzusunda olalar. Lakin böyük qərargahlarda əyləşənlər müharibəni istəyirlər. Müharibə hakimiyyətdəki bəzi dairələrə də lazımdır. Xüsusən də indiki hakimiyyətdən "ögey düşənlərə". Bu adamlar tamamilə başa düşürlər ki, müharibə Rusiyanın müdaxiləsi və Bakının məğlubiyyəti ilə nəticələnə bilər. Bax, o zaman Əliyevləri devirib onların yerində əyləşməyə cəhd etmək olar.
Əhali arasında da müharibə tərəfdarları var. Həm də təkcə 20 il müddətində ya Rusiyaya getmiş, ya da yeni yurd-yuva salmış Qarabağ qaçqınlarına yox. İnsanların şüuruna nifrətə layiq ermənilərə qarşı qisas fikri tez-tez yeridilir.
Lakin müharibə xaricdə də kimlərəsə lazımdır".
ABŞ amili
Analitikin sözlərinə görə, "2008-ci ilin beşgünlük Gürcüstan müharibəsi nümunəsinin göstərdiyi kimi, münaqişədən qabaq bölgəyə Amerikanın dövlət katibinin səfəri baş tutur. O zaman müharibəyə bir ay qalmış Kondoliza Rays Gürcüstana baş çəkdi. Bu dəfə bir az öncə Hillari Klinton Azərbaycana səfər etdi. Rəsmi söhbətlər İlham Əliyevin NATO-nun bu yaxınlardakı sammitindəki vacib iştirakı, Azərbaycanın Əfqanıstandakı beynəlxalq qüvvələrin tərkibində iştirakı, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq və təhlükəsizlik məsələləri barədə oldu.
Lakin Klintonla Əliyevin əslində nədən danışıblar - bunu sezmək olar.
Bir sıra müşahidəçilər hesab edirlər ki, İrana hücum üçün amerikalılara baza vermək barədə. Lakin daha ağlabatanı Qarabağın taleyi barədə söhbətdir. Yəqin ki, Klinton öz sələfinin nümunəsində eyham vurub ki, ABŞ Azərbaycanın "ərazi bütövlüyünün bərpa edilməsinə" etiraz etmir. Və həmişəki kimi, bu məsələdə Rusiyanın neytrallığını vəd edib. Əbəs deyil ki, onun Bakıya səfərindən sonra parlamentdə "Qayıdış və təkrar məskunlaşma" mövzusunda dinləmələr keçirilib. Həm də sosial siyasət komissiyasının sədri orada bildirib ki, qaçqınların və məcburi köçkünlərin qayıtması üçün hüquqi bazanın yaradılması mühüm vəzifədir. O məlumat verib ki, Hillari Klintonun səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxında olduğunu sübut etdi. Buna görə də guya artıq qayıtmağa hazırlaşmaq lazımdır".
Atəş açmalı olacaq silah
Bununla belə, rus eksperti etiraf etməyə məcburdur ki, "Azərbaycanın hərbi qüvvəsi formal olaraq Ermənistanınkından xeyli güclüdür. Azərbaycan son illərdə neftdən gələn gəlirləri Türkiyə, ABŞ, İsrail və Rusiyadan ordu üçün müasir silahlar almağa yönəldir. Ukraynadan və ya Bolqarıstandan işlədilmiş silahlar da alınır.
Azərbaycanlılara qarşı ermənilərin iki ordusu - Ermənistanın və Dağlıq Qarabağın orduları durur. Yeri gəlmişkən, daha çox bir ordu və onun filialı barədə danışmaq olar - ermənistanlı çağırışçılar Qarabağda xidmət edir, Qarabağın zabitləri isə Ermənistanda xidmət edirlər. Lakin Ermənistanın hərbi ordusu hətta Qarabağ ordusu ilə birlikdə Azərbaycan ordusundan zəif görünür".
Unutmağına dəyməz ki, Ermənistanda (Gümri bölgəsində və İrəvan ətrafında) Rusiyanın indiki anda motoatıcı briqadanı gücləndirən 102 saylı hərbi bazası dislokasiya olunub. Bundan əlavə, Rusiya orada S-300 B1 ZRK və 18 MİQ-29 qırıcısından ibarət aviadəstə saxlayır. Ermənistan KTMT-nın üzvü kimi müttəfiqlərindən, birinci növbədə Rusiyadan istənilən köməyə güvənə bilər.
Münaqişənin
inkişaf ssenarisi
Vyatkovun müşahidəsinə görə, "Müharibə birbaşa indi başlaya bilər. Lakin, çox güman ki, sonralar - payıza doğru başlayacaq. Ya da Bakıda hesab etsələr ki, yetərincə silahlanmayıblarsa, ümumiyyətlə gələn il.
Azərbaycanlılar, əlbəttə, hərbi əmliyyatların aparılmasını ancaq Dağlıq Qarabağla və öz ölkələrinin ona bitişik rayonları ilə məhdudlaşdıracaqlar. Yəqin ki, onlar birinci növbədə DQ-ı Ermənistandan ayırmağa çalışacaqlar - şimaldan və ya cənubla şimaldan eynivaxtlı zərbə ilə. Ermənilər əks-zərbələr endirməklə içərilərinə pərçimlənmiş qüvvəni Ermənistanın və Qarabağın orduları ilə mühasirəyə almağa cəhd edərək buna qarşı fəal müqavimət göstərəcəklər. Eyni zamanda azərbaycanlılar Dağlıq Qarabağın əsas müdafiə istehkamlarını məhv etməyə çalışacaqlar.
Bütün məsələ ancaq burasındadır ki, Rusiya hansı mərhələdə işə qarışacaq. KTMT-nın üzvü kimi "qitə" Ermənistanın müdafiəsindən başqa Rusiya 2008-ci ilin avqustunda sınanmış "sülhə zorla məcbur etmə" formulundan istifadə edə bilər.
Əlbəttə, Moskvada bunu etməyin lazım olduğunu hesab etsələr... .
Hər necə olsa da, müttəfiqinin məğlubiyyəti və Ankara ilə Vaşinqtonun arasında balanslaşan qeyri-loyal Azərbaycanın güclənməsi Rusiyaya sərf etmir".
Maraqlıdır ki, müəllif Qəbələ RLS məsələsini də yaddan çıxartmır: "Həm də Bakı Qəbələ RLS məsələsində lazımi incəlik nümayiş etdirmədi və ümumiyyətlə, son zamanlar özünü daha çox düşməncəsinə aparır. Belə olan halda "beşgünlük müharibə" ssenarisi təkrar oluna bilər, lakin, əlbəttə, daha çox vaxt aparar və daha çox qurban tələb olunar".
Daha yaxşısına
inanmaq istərdik
Hər necə olsa da, biz rus ekspertinin fikirləri ilə tanış oluruq və o, rus şovinizmindən əl çəkmir: "Amma hər halda ümid etmək istərdik ki, Rusiyanın siyasi və diplomatik nüfuzu istənilən halda müharibəni dayandırmağa kifayət edər. Həm də İlham Əliyev də güzəştlərə qabil olan ağıllı siyasətçi kimi görünür. Xüsusən də ona görə ki, müharibəsiz də güzəşt mümkündür və razılaşma variantları mövcuddur - yalnız onları ciddi şəkildə nəzərdən keçirmək istəyi lazımdır".
Türkiyə - pəncərədəki
işıq kimi
Onun sözlərinə görə, "Azərbaycan siyasətçiləri və ekspertləri arasında Türkiyəyə dayaq və müdafiəçi kimi müqəddəs inam mövcuddur. Bu adamlar inanırlar ki, müqaviləyə sadiq olan türklər öz azərbaycanlı qardaşlarını həmişə və hətta istənilən durumda müdafiə edəcəklər.
Onlar hesab edirlər ki, Türkiyə qüdrətlidir və heç kimdən qorxmur. O cümlədən Ankara bütün işlərini bir kənara qoyub hətta Rusiya gələcək münaqişəyə cəlb edilərsə də, Azərbaycanı ondan qoruyacaq.
Azərbaycanda inanmırlar ki, türklər heç də idiot deyillər, ancaq taktiki nüvə zərbəsi ilə onları neandertallara çevirməyə qadir olan super nüvə dövləti ilə vuruşmazlar. Eyni zamanda Rusiya ilə əməkdaşlıq Türkiyəyə daha çox gəlir gətirir, nəinki "qardaşlar"la dostluq. Qarşılıqlı yardım barədə razılaşma indiki durumda az şeyə dəyir və türklər xüsusi itki vermədən dərhal aradan çıxmaq üçün üsul taparlar. Tarixdə heç kimin yerinə yetirmədiyi müqavilələr azmı olub?
Lakin, deyəsən, Bakıda bu sadə həqiqətlərin adekvat şəkildə qavranması yoxdur. Amma müttəfiqini silah və zabitlərin təlimi ilə fəsal şəkildə dəstəkləyən türklərin özləri isə beşgünlük müharibədən sonra Qarabağı unutmağı məsləhət gördülər".
Savalan
Digər Xəbərlər
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35
2024-12-19 17:02:00
2024-12-19 16:23:03
2024-12-19 12:32:00
2024-12-19 09:39:00
2024-12-19 09:33:16
2024-12-19 09:10:00
2024-12-18 23:52:54
2024-12-18 16:08:34