"Oyundan razı qalsam da, nəticədən razı qalmadım. Biz düzgün yoldayıq. Əvvəlki oyunlara nəzərən inkişaf görünür. Ancaq komandada görülməli çox iş var. Rəqibi təbrik edirəm".
Unikal.org "Report"a istinadən bildirir ki, bunu "Neftçi"nin yeni baş məşqçisi Elxan Abdullayev "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssisin fikrincə, uğurlu nəticələrin qazanılması üçün səbr etmək lazımdır:
"Hələ bilmirəm nə qədər səbr lazımdır".
Abdullayev komandadakı çatışmazlıqlara da toxunub:
"İstəməzdim ki, kimisə tənqid edim. Yerli futbolçular və legionerlər arasında fərq qoymaq niyyətində deyiləm. Çünki oynayan bütöv komandadır. Komandada ustalıq, təcrübə yoxdur. Hər bir futbolçunun öz problemi var. Biri fiziki, taktiki cəhətdən zəifdir. Öz oyunumuzu yavaş-yavaş tapırıq".
Baş məşqçi hesabı "Neftçi"nin açmasına baxmayaraq, qələbəni əldən vermələrini belə izah edib: "Burada bir neçə səbəb var. Qol vurandan sonra müdafiədə kobud səhv buraxdıq. Son 20 dəqiqədə komanda yaxşı oynadı. Ancaq hesabı qoruyub saxlaya bilmədik. Əvvəlcədən son 20 dəqiqədəki kimi oynayasaydıq, hesab başqa cür olardı".
Komandaya cəlb olunmuş yeni məşqçi Aleksandr Deriberin və futbolçu Tərzin Cahangirov barədə danışan Abdullayev bunları deyib:
"Yeni məşqçi Pro kateqoriyasına malik olan mütəxəssisdir. Onunla komandanın zəif nöqtələri barədə söhbət etmişik. Ancaq hazırda dəqiq heç nə yoxdur. Cahangirova gəldikdə, ona dekabra kimi vaxt vermişik ki, özünü göstərsin. Premyer Liqa klublarında təcrübəsi olan futbolçudur. İnanırıq ki, bizə xeyri dəyəcək".