Ötən həftə Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun işğal altındakı Talış kəndindəki mövqelərindən Goranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbinin atəşə tutulması nəticəsində məktəbin dam örtüyündə, bəzi sinif otaqlarında və dəhlizdə yanğın baş verib. Məktəb binasının çox hissəsi yararsız vəziyyətə düşüb.
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev hadisəyə rekasiya verib. Onun təşəbbüsü ilə Goranboy rayon İcra Hakimiyyətinin məsul işçiləri, təhsil şöbəsinin rəhbərliyi, pedaqoji kollektivin nümayəndələri və kənd sakinlərinin iştirakı ilə məktəbə baxış keçirilib.
Daha sonra məktəbdə görüləcək təmir-bərpa işlərinin həcmi müəyyənləşdirilərək inşaat briqadası ayrılıb, tikinti materialları gətirilib və artıq məktəbin 645 kv.m dam örtüyünün, yanmış sinif otaqlarının və dəhlizin əsaslı təmir işlərinə başlanılıb. Məktəbdə təmir-bərpa işləri qısa müddət ərzində başa çatdırılacaq.
Qeyd edək ki, bu yaxınlarda Ağalar Vəliyevin seçki dairəsinə daxil olan Tərtər rayonu Sarov kənd orta məktəbinin dam örtüyü də əsən güclü külək nəticəsində tamamilə sıradan çıxmışdı.
Bundan sonra məktəbin pedaqoji kollektivi, şagirdlər, kənd sakinləri Ağalar Vəliyevə müraciət edərək məktəbin dam örtüyünün təmir edilməsinə kömək göstərməsini xahiş ediblər.
Deputat bu məsələyə də operativ reaksiya göstərib və hazırda görülən tədbirlər nəticəsində məktəbin 290 kv.m dam örtüyü yenisi ilə əvəz olunur və yaxın günlərdə başa çatdırılıb, müəllimlərin və şagirdlərin istifadəsinə veriləcək.