Oktyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb.
Müdafiə naziri qazanılmış böyük və inamlı qələbə münasibətilə idmançılara, məşqçilərə və mütəxəssislərə təbriklərini çatdırıb.
Hərbi idmançılarımızın bu uğurunu yüksək qiymətləndirən nazir Azərbaycanın dünyanın aparıcı idman ölkələri sırasında olduğunu qeyd edərək bütün istiqamətlərdə olduğu kimi idman sahəsində də nailiyyətlər əldə edildiyini, qazanılan müvəffəqiyyətlərin məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının, dövlət dəstəyinin göstəricisi olduğunu xüsusi vurğulayıb.
Bildirilib ki, yarışlarda Azərbaycanı təmsil edən hərbi qulluqçular Silahlı Qüvvələrin nümayəndələri kimi Makedoniyada ölkəmizin bayrağını yüksəltmək və dövlət himnimizi səsləndirməklə Azərbaycan əsgərinin döyüş əzmini və qələbə ruhunu bir daha sübut ediblər.
Qələbədə əməyi olanları təbrik edən Müdafiə naziri ordumuzda idmanın inkişafı üçün geniş imkanların, lazımi şəraitin olduğunu, eləcə də yeni inşa edilən hərbi şəhərciklərdə müasir idman komplekslərinin tikildiyini xatırladaraq bundan sonra da Silahlı Qüvvələrdə idmana daha çox diqqət ayrılacağını bildirib.
Gələcəkdə keçiriləcək beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməyi hərbi qulluqçulara arzu edən Müdafiə naziri çempionatda yüksək nəticələr göstərmiş idmançıları və məşqçiləri təltif edib və qiymətli hədiyyələrlə mükafatlandırıb.
Sonda xatirə fotosu çəkilib.
Xatırladaq ki, sentyabrın 19-dan 25-dək Makedoniya Respublikasının paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma növləri üzrə komandaları təmsil ediblər.
4 qitədən, 35 ölkədən, 300-dən çox idmançının iştirak etdiyi çempionatda Azərbaycan təmsilçiləri 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla ümumilikdə 9 medal qazanıblar.
Ümumi komanda hesabında 53 xal toplayaraq yarışları ikinci yerdə başa vuran yığmamız çempionatın kubokuna layiq görülüb.