Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı noyabrın 1-də keçiriləcək yeni hərrac elan edilib.
Komitədən Lent.az-a verilən məlumata görə, budəfəki hərraca 101 dövlət müəssisə və obyekti çıxarılıb.
Bildirək ki, hərraca çıxarılan dövlət əmlaklarının 23-ü özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bunlar paytaxt Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhəri, habelə Neftçala, Astara, Abşeron, Yevlax, Xaçmaz, Kürdəmir və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, xidmət, sənaye, emal və digər sahələri əhatə edir. Bu müəssisələr sırasında "Astara Çay-3, "Lənkəran Broyler, "Masazır Quşçuluq, "Tovuz Məişət, "Yevlax Yun, "Zabrat Tikinti Quraşdırma və digər səhmdar cəmiyyətləri var.
Həmçinin hərraca 62 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında Bakı şəhərinin müxtəlif rayonlarında, habelə Şəki, Ağsu, Hacıqabul, Salyan, Balakən, İsmayıllı və digər rayonlarda yerləşən qeyri-yaşayış sahələri, habelə ictimai iaşə və ticarət müəssisələri var.
Eyni zamanda hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 16 ədəd nəqliyyat vasitəsi də yer alıb.
Nəzərinizə çatdıraq ki, istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün iştirakçı hüququnu əldə etmək kifayətdir. Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir. Hərraca çıxarılan əmlaklar barədə komitənin özəlləşdirmə portalı, habelə rəsmi internet saytı vasitəsi ilə ətraflı məlumat əldə etmək mümkündür.
Qeyd edək ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərraca çıxarılan daşınmaz dövlət əmlaklarının iqtisadi göstəriciləri barədə məlumatlar, mövcud vəziyyətini əks etdirən foto materiallar, yerləşmə mövqelərini göstərən xəritələr (google map) privatization.az saytında yerləşdirilir. Hərraca çıxarılan hər bir səhmdar cəmiyyəti barədə ətraflı məlumatla http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/mue-ssis-l-r/uemumi-siyah linkdə tanış olmaq olar. Hərracda iştirak etmək istəyən vətəndaş kiçik dövlət müəssisə və obyektləri barədə ətraflı məlumatı http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri linkdən ala bilər.
Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.
Hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş "açıq hərraclarda iştirak edə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.