1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, sabiq müstəntiq Rüfət Səfərovun saxlanıldığı kameradakı problem aradan qaldırılıb.
Unikal.org bildirir ki, bu barədə Trend-ə açıqlamasında R.Səfərovun vəkili Bəhruz Bayramov deyib.
Vəkil bildirib ki, R.Səfərovun 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanıldığı kameranın pəncərəsinin şüşələri yox idi və son günlər havaların qeyri-sabit keçməsi onun səhhətində problemlər yaratmışdı. Bu barədə R.Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə məlumat vermişdi. Rəhbərliyin göstərişi ilə R.Səfərovun saxlanıldığı kameranın pəncərəsinin şüşələri dəyişdirilib və problem aradan qaldırılıb.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanmıışdı.
Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o azadlığa buraxılmışdı.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.