Xəstəxanalara yaxın yerləşən apteklərdə bahaçılıqdı. Burada satılan dərmanların əksəriyyətinin qiyməti kənar aptekdəkilərdən iki dəfə bahadır. Əməkdaşlarımız bunu sübut etmək üçün kiçik bir araşdırma aparıblar. Bəs görəsən qiymət fərqinin səbəbi nədir?
Xəstəxana yaxınlığında yerləşən apteklərdə dərmanlar baha qiymətə satılır. Bu hal həm dövlət, həm də özəl xəstəxanaların ətrafında müşahidə olunur.
İnsanlar tibb müəssisəsinə gələn xəstə yaxınlarından sui-istifadə olunduğunu deyirlər.
İddiaları müxtəlif xəstəxanaların yaxınlığında yerləşən apteklərdə yoxladıq. Məlum oldu ki, onlardan biri dərmanları 60%, digəri isə 25%-ə yaxın baha satılır. Daha dəqiq desək başqa yerdə qiyməti 2 manat 50 qəpik olan "Baralqin" 4 manat 9 qəpiyə, qiyməti 4 manat 70 qəpik olan "İmunal" isə 5 manat 60 qəpiyə satılır.
Belə aptek rəhbərlərinin qurbanı isə əsasən Bakıya həkimə gələn rayon və kənd sakinləri olur. Onları bu apteklərə bir çox hallarda müraciət etdikləri həkimlər göndərir. Həkim ya adının əczaçıya bildirilməsini, ya da üzərinə adını yazdığı resepti ona verməsini də xüsusi qeyd edir.
Əczaçılar bu halın əksər xəstəxanaların həyətində yerləşən apteklərdə müşahidə olunduğunu deyirlər. Onlar, Tarif Şurasının sabahdan etibarən daha 600-dən çox dərman vasitəsinin qiymətini tənzimlənməsi ilə məsələnin də həll olunacağını deyirlər.