Ermənistanın indiki rəhbərləri 24 il öncə törətdikləri Xocalı soyqırımına görə heç vaxt cəza almayacaqlarını düşünürlər. 
Unikal.org anspress-ə istinadən verdiyi məlumata görə, bu məqam britaniyalı jurnalist Tomas de Vaalın 2000-ci ilin dekabr ayında hazırda Ermənistan prezidenti olan Serj Sarkisyandan götürdüyü müsahibədə daha qabarıq özünü göstərir. Həmin vaxt Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Sarkisyan heç nədən çəkinmədən stenoqramının rus versiyası Karneqi Fondunun saytında yerləşdirilmiş müsahibədə Xocalıda soyqırımı bilərəkdən törətdiklərini etiraf etmişdi.
Beləliklə, Serj Sarkisyan həmin vaxta qədər hətta Azərbaycanda belə təzadlı fikirlərə səbəb olan mübahisələrə son qoymuşdu. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilərək 613 nəfər dinc sakinin ölümü ilə nəticələnmiş soyqırımın məsuliyyətini Ermənistan ordusunun üzərinə götürmüşdü: "Bilisiniz, belə şeylər barədə yüksəkdən danışmırlar. Nə mümkündür, onu danışırlar. Mən də belə davranıram", - deyə bildirmişdi. 

"Azərbaycanlılar bu fikirdə idi ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu fikirləri dağıtmaq lazım idi".
Müsahibədən açıq görünür ki, Xocalı soyqırmının əsas təşkilatçılarından olan Serj Sarkisyan bu faciədə iştrakını qəhrəmanlıq sayır və bu "qəhrəmanlığını" başqaları ilə bölüşmək istəmir: "Azərbaycanın keçmiş rəhbəri (Ayaz Mütəllibov - red.) deyir ki, onlar (qatillər - red.) ermənilər yox, azərbaycanlılar olub. Amma mən deyirəm, həqiqət başqa cür ola bilər. İstənilən halda, Xocalı bütün Qarabağı boğaza yığmışdı. Çünki orda aeroport vardı, hava nəqliyyatı bizim Ermənistanla yeganə əlaqəmiz idi. Orda OMON (xüsusi təyanıtlı milis dəstəsi - red.) vardı və orda adamları yoxlayırdılar, çox sayda adamı həbs etmişdilər".
Amma Serj Sarkisyan həqiqətin bunda da olmadığını etiraf edir və soyqırımı törətməklə məqsədlərinin Qarabağın dinc azərbaycanlı sakinləri arasında panika yaymaq olduğunu gizlətməyib: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, onlar (ermənilər - red.) sadəcə zarafat edirlər. Azərbaycanlılar bu fikirdə idi ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu fikirləri dağıtmaq lazım idi". 

Ermənistan prezidenti 2000-ci ildə verdiyi müsahibədə indiki müdafiə naziri Seyran Ohanyanın da Xocalı soyqırımının əsas təşkilatçılarından biri olduğunu göstərir. Yerli ermənilərin Xocalıda soyqırımı törətməkdə rusların, daha doğrusu, Xankəndidə dislokasiya olunan 366-cı polkun ermənilərə dəstək verməsini təkzib edən Serj Sarkisyan deyib: "Bizim xalq rusiyalılara kor-koranə inanır, onları çox sevir… Bu hamıya məlumdur. Buna görə, ruslar yardım elədi deyəndə nəzərdə tuturlar ki, onlar necə yardım edə bilməzdilər?"
"366-cı polkda çox sayda erməni zabitlər xidmət edirdi və onlar komandanlığın xəbəri olmadan bizə yardım edə bilərdilər."
Ermənilərə yalnız general-leytenant Anatoli Zineviçin dəstək verdiyini, general Xristofer İvanyanla Qarabağa gələrək Xocalı soyqırımına rəhbərlik etdiyini söyləyən indiki prezident soyqırımda 366-cı polkun zabitlərinin iştirakına da toxunub: "366-cı polkda çox sayda erməni zabitlər xidmət edirdi və onlar komandanlığın xəbəri olmadan bizə yardım edə bilərdilər. Onlar belə də etdilər. Qarabağda indiki ordu komandanı, general-leytenant [Seyran] Ohanyan orda batalyon komandiri idi. O, bizə necə yardım edə bilməzdi?"  
"Mən beləcə 1200 meyidin üstündən keçdim"
Xocalı soyqırımı qatillərindən biri, livanlı David Xerdiyanın "Xaç uğrunda" kitabından görünür ki, Seyran Ohanyanın soyqırımda iştirakı sadəcə yardımla bitməyib. O, soyqırımın ən qanlı səhnələrində yer alıb: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstü ilə getmək istəmədim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim".
Serj Sarkisyan Tom de Vaala müsahibəsində Xocalıda mülki əhalinin döyüş zonasını tərk etməsi üçün dəhliz qoyulmadığını da vurğulayır: "Bu, əsasən Xocalıdan sonra oldu. Əslində, bizim müharibə başqalarından bir qədər fərqlənir. Bizdə belə alındı ki, hansısa etnik təmizləmə gedir. Başqa cür də mümkün deyil".

Bu cür faktlar həlak olan 613 nəfərdən  63-ü uşaq, 106-sı qadın, 70-i qoca olan Xocalı soyqırımını bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən birinə çevirir. Təsadüfi deyil ki, İsrail prezidenti Reuven Rivlin yanvarın 28-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında Holokost qurbanlarının xatirəsini anım mərasimində çıxışı zamanı dünyanın müxtəlif regionlarında törədilmiş dəhşətli qırğınlar sırasında Xocalı soyqırımının da adını çəkib. R. Rivlin dünya birliyinin soyqırıma qarşı mübarizəsinin kifayət qədər effektiv olmadığını vurğulayıb: "Bu mübarizə Bosniyada kifayət qədər effektiv oldumu? Bu mübarizə Xocalıda qətliamın qarşısının alınmasına təsir göstərə bildimi? Yaxud, əfqanların Taliban tərəfindən öldürülməsinin qarşısını aldımı? Bəs bu gün Suriyada kifayət qədər effektivdirmi?.."

Reuven Rivlin bəhs etdiyi siyahıda və Bosniyanın Serebrennisa qəsəbəsində müsəlmanlara qarşı törədilmiş soyqırımın əsas rəhbərləri Rátko Mládiç, Dracen Grdemoviç və Radislav Krstiç çoxdan həbs edilərək Haaqa beynəlxalq məhkəməsinə verilib. Amma eyni siyahıda yer almış Xocalı soyqırımına imza atmış Serj Sarkisyan, Robert Koçaryan və Seyran Ohanyan sərbəst gəzir, özlərini qəhrəman kimi təqdim edərək törətdikləri cinayətlər barədə dünyanın nüfuzlu KİV-lərinə müsahibələr verirlər.
Onların bu həyasız davranışı Azərbaycanın da beynəlxalq məhkəmələrə müraciət edərək lazımi qərarların əldə etməsini vacib edir. Axı onlar cinayətlərini gizlətmirlər və hətta qərb KİV-ləri ilə söhbətdə bunu dəfələrlə etiraf edirlər. Bu barədə kitablar yazırlar və əmələrini qəhrəmanlıq kimi təqdim edərək bütün çalarları ilə danışırlar. Amma nədənsə əməlləri beynəlxalq məhkəmələrin diqqətindən kənarda qalır.
Bəlkə də, Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələ barədə düşünməsinin vaxtı çatıb. Axı diplomatik fəaliyyət təkcə hansısa ölkələrdə səfirlik açıb viza verməklə məhdudlaşmır. Azərbaycanın diplomatik xidməti həm də ölkənin gerçəklərini, o cümlədən Xocalı gerçəklərini bütün dünyaya çatdırmalıdır. Azərbaycan XİN Sarkisyan, Koçaryan və Ohanyan üçlüyünü məhkəməyə verməklə, təkcə Azərbaycan xalqı qarşısında deyil, bütün dünya, o cümlədən erməni xalqı qarşısında xidmət göstəmiş olacaq. Çünki onların törətdiyi cinayətlərın cəzasız qalması dünyanı tarazlıqda saxlayan ədalət sütünlarını laxladır və bəşəriyyəti qisasçılığın əsas dəyərə çevrildiyi böyük xaosa doğru aparır.