"Kimsə saxlanılırsa, müvafiq qaydada araşdırılır və araşdırmanın nəticəsindən asılı olaraq barəsində qanuni tədbir görülür".
Bu fikirləri DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov "Gündəmxəbər" qəzetinin təsisçisi Şirin Cəfərlinin bu gün polis tərəfindən saxlanılması ilə bağlı Unikal.org-un soğusunu cavablandırarkən deyib. O qeyd edib ki, dünyanın ən inkişaf etmiş, ən demokratik dövlətlərində, o cümlədən Azərbaycanda heç bir peşə sahibinə, heç bir siyasətçiyə qanunları pozmaq səlayihəti və imtiyazı verilməyib:
"Sözün düzü, adı çəkilən şəxsin polis tərəfindən saxlanılıb-saxlanmaması ilə bağlı hələlik dəqiq məlumatım yoxdur. Araşdıraram. Amma bununla belə yeri gəlmişkən deyim ki, ictimai asayişin və ictimai təhlükəsizliyin təmininə cavabdeh olan polis orqanları hər gün xidməti fəaliyyətləri zamanı qanun-qaydanın tələblərini pozan, ictimai asayişin və ictimai təhlükəsizliyin pozulmasına yönələn hərəkərlərə yol verən onlarla şəxsi saxlayır. Onların arasında sürücü də, jurnalist də, müxalifətçi də, iqtidarçı da ola bilər. Yəni peşəsindən və siyasi baxışından asılı olmayaraq hər kəs qanun qarşısında eyni hüquqa malikdir. Dünyanın ən inkişaf etmiş, ən demokratik dövlətlərində, o cümlədən Azərbaycanda heç bir peşə sahibinə, heç bir siyasətçiyə qanunları pozmaq səlayihəti və imtiyazı verilməyib. Əsas odur ki, Azərbaycanda yazdığı yazıya, səsləndirdiyi fikrə və siyasi baxışlarına görə həbs olunan yoxdur. Məsuliyyətə cəlb olunanların hamısı törətdiyi, yol verdiyi konkret əmələ görə məhkəmənin hökmü ilə cəzalanır. Bəzən hüquq-mühafizə orqanları tərəfindən saxlanılan elə adamların adlarını çəkirlər ki, sanki bunlar dünyaca məşhur olan toxunulmaz şəxslər imiş və bunlara güzəşt edilməlidir. Birdəfəlik bilməliyik ki, Qanunlarımız qarşısında hamımız bərabərik, fərq etməz, istər mətbuat nümayəndəsi olsun, istər partiya üzvü olsun, istərsə də ucqar bir dağ kəndində yaşayan vətəndaşımız olsun. Kimsə saxlanılırsa, müvafiq qaydada araşdırılır və araşdırmanın nəticəsindən asılı olaraq barəsində qanuni tədbir görülür".
Xatırladaq ki, bu gün mətbuatda jurnalist Şirin Cəfərlinin saxlanılması ilə bağlı xəbər yayılıb.