Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamla Nazirlər Kabineti (NK) altı ay müddətində 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının 1 - 29-cu hissələri ilə edilmiş dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Həmçinin, NK 6 ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.