Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxış edib və Assambleya üzvlərinin suallarını cavablandırıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov terrorizmə qarşı apardığı qətiyyətli mübarizəyə görə Avropalı Mühafizəkarlar Qrupu adından Türkiyəyə təşəkkür edərək deyib: "Cənab nazir, ölkəniz bölüşdüyümüz dəyərlərin qorunması üçün terrorizmlə mübarizə aparır. Həmkarlarımdan fərqli olaraq mən sizdən soruşmaq istərdim, bəs biz Avropa Şurasında Türkiyəyə necə dəstək verə bilərik?

Nazir Mövlud Çavuşoğlu deyib: "Türkiyədə bu ilin iyulunda baş verən hadisələr zamanı qardaş Azərbaycanın Prezidenti başda olmaqla, bütün xalqın dəstəyini hiss etdik. Türkiyədəki azərbaycanlı qardaşlarımız türklərlə birlikdə hər iki dövlətin bayraqlarını bərabər qaldırdılar. Çətin anlarda hər bir ölkə dostlarını yanında görmək istəyir. Əlbəttə, biz gözləmirik ki, tərəfdaşlarımız apardığımız siyasətlə tam şəkildə razı olsunlar. Ancaq istərdik ki, belə ağır vəziyyətdən çıxa bilməyimiz üçün daha konstruktiv təkliflər irəli sürsünlər və tövsiyələr versinlər. Ancaq biz gizli niyyət və ikili standartlardan istifadə edilməsinə qarşıyıq. Avropa Şurasının baş katibi, Nazirlər Komitəsi başda olmaqla dostlarımız olan bir çox parlamentarilər də bu baxımdan düzgün yol tutublar. Biz dialoq və müzakirələrin tərəfdarıyıq. Avropa Şurasının nümayəndə heyəti Türkiyəyə səfər etdikdə biz hər zaman onlara lazımı dəstəyi veririk. Bundan sonra da biz bu əməkdaşlığı davam etdirəcəyik.

Azertag