Ermənistan mülki hava gəmilərindən (təyyarələrdən) hərbi məqsədlər üçün istifadə imkanlarını nəzərdən keçirir.
Unikal.org xəbər verir ki, AzeriDefence-nin apardığı araşdırmaların nəticələrinə görə, ermənilərin bu ideyasının reallaşması Azərbaycan üçün ciddi problemlər meydana çıxaracaq.
Belə ki, İrəvanda keçirilən "ArmHiTec-2016 müdafiə sərgisində Ermənistanın "65 nömrəli hərbi zavodunun əməkdaşı Rafiq Soqomonyan bu planın bəzi təfərrüatlarını açıqlayıb.
Zavodun istehsal etdiyi və üzərində işlədiyi raketlər barədə rəsmi "Armenpress agentliyinə danışan müəssisə rəsmisi bəzi maraqlı məqamları açıqlayıb.
R.Soqomonyan zavodda istehsal edilən idarə olunmayan raketlər barədə danışarkən deyib: "Biz həmçinin 10 km məhvetmə uzaqlığına malik idarə olunmayan raketləri istehsal edirik. O raketləri həm yerdən, həm də mülki təyyarədən buraxmaq olar. Bir uçuş zamanı təyyarədə 20-dək raket yerləşdirmək olar.
"Azeri Defencenin araşdırmaları zamanı gəlinən qənaət ondan ibarətdir ki, müəssisə nümayəndəsinin bir az da "özünü reklama qapılaraq açıqladığı bu informasiya ermənilərin növbəti provokasiya planları barədə xəbərdarlıq sayıla bilər.
Ermənilərin son illərdə mülki əhalidən, mülki texnikalardan istifadə etməklə öz hərbi planlarını gerçəkləşdirməsinə dair Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən kifayət qədər faktlar ortaya qoyulub. "Azeri Defencenin ekspertlərinin fikrincə, bunu nəzərə alıb, ermənilərin xəbərini diqqətlə analiz edərək, Azərbaycan Dövlət Mülki Aviasiya Adminstrasiyası İCAO qarşısında məsələ qaldırmalı, beynəlxalq təşkilatlara xəbərdarlıq etməlidir.
"Mülki kodu olan, beynəlxalq və ya lokal səviyyəli uçuşlar yerinə yetirən hava gəmilərinin rəqibin ərazilərinin bombalanmasında və digər hərbi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir. Silahlandırılmış və hərbi məqsədlər üçün istifadə edilən təyyarələrin vurulmasından ermənilər beynəlxalq təşkilatlarda Azərbaycana qarşı istifadə etməyə çalışacaqlar, - deyə saytın ekspertləri bildiriblər.