"1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə "Əsrin kontraktı imzalanıb ki, artıq o vaxtdan 22 il ötür. Amma bu gün də "Əsrin kontraktı ölkəmizin inkişafında, güclənməsində öz rolunu oynayır.
Dövlət başçısı bildirib ki, Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini xarici investorlara təqdim edib: "Azərbaycana milyardlarla dollar həcmində investisiya qoyuldu və ölkəmiz inkişaf etməyə başladı. 1996-cı ildə "Şahdəniz qaz yatağının işlənilməsi üzrə kontrakt imzalanıb. Bu gün həm Azərbaycanın, həm regionun və müəyyən dərəcədə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında "Şahdəniz yatağının xüsusi yeri var. Azərbaycan 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşayırdı. Bu, müstəqilliyimizin ikinci dövrü idi. Bir daha qayıdıram müstəqilliyimizin ilk illərinə. Əgər o vaxt Heydər Əliyev kimi dahi şəxsiyyət - millətə canı, qanı ilə bağlı olan insan hakimiyyətdə olsaydı, biz o bəlalarla üzləşməyəcəkdik. Ancaq tarix tarixdir. Biz tarixi dəyişdirə bilmərik. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, ölkəmizi irəliyə aparaq, gücləndirək və müsbət meyillər əsasında inkişafı təmin edək. Bu baxımdan 2003-cü il, hesab edirəm ki, müstəqillik tariximiz üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə ölkənin bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi: Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa ki, yenə Azərbaycan bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə öz səsini verdi. Onu da qeyd etməliyəm ki, 1993-cü ildə AXC-Müsavat qruplaşmasının iflasının əsas mənbəyi Azərbaycan xalqının iradəsi olub. Cəmi bir il xalq bunların yarıtmaz fəaliyyətinə dözə bilib və Azərbaycan xalqı bu ləkəni tariximizdən yumaq üçün o hakimiyyətə son qoydu. O vaxtdan bu günə qədər o hakimiyyət tarixin zibilxanasındadır.
Prezidentin sözlərinə görə, bugünkü Azərbaycan reallıqları onu göstərir ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim edib: "2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti davam etdirilir. Bu, müstəqilliyimizin üçüncü dövrüdür. Bu üçüncü dövr ikinci dövrün məntiqi davamıdır. Bu illər ərzində Azərbaycan bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdı. Bizim beynəlxalq əlaqələrimiz genişləndi. Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir. İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var. Biz 2003-cü ildən bu günə qədər iqtisadi sahədə analoqu olmayan inkişaf dövrünü keçmişik və yaşayırıq. İqtisadiyyat üç dəfə artıb. Heç bir başqa ölkədə bu qısa müddət ərzində iqtisadiyyat üç dəfə artmayıb. Sənaye istehsalı da üç dəfə artıb. Biz yoxsulluğa son qoyduq. Təxminən 50 faiz səviyyəsində olan yoxsulluq 5 faizə düşüb. İşsizliklə çox ciddi mübarizə aparılır. İşsizlik çox aşağı səviyyədədir. Azərbaycan regionlarının inkişafına start verildi. Dövlət proqramları icra edilməyə başlayıb və bunun nəticəsində bölgələrdə 1 milyon 300 mindən çox iş yeri yaradılıb. Bölgələr canlandı, şəhərlərimiz abadlaşdı, müasir infrastruktur layihələri icra edildi. Biz elektrik enerjisini, qazı idxal edən ölkədən ixrac edən ölkəyə çevrildik. Azərbaycanda sosial məsələlərin həllinə çox böyük diqqət göstərilirdi və göstərilir. Maaşlar, pensiyalar son 13 il ərzində dəfələrlə artıb. Sosial infrastruktur layihələri icra edilir. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağı, bölgələrdə 40-dan çox İdman Olimpiya Mərkəzi tikilib. Bütün bunlar son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Biz texnoloji inkişafa doğru gedirik. Bu gün Azərbaycan kosmik klubun məhdud sayda üzvlərindən biridir. İki peykimiz var, üçüncü peyk də yaxın zamanlarda istifadəyə veriləcək.