Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsi, Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 25 illiyi münasibəti ilə tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoymuşlar. Sonra qonaqlar ulu öndərin həyat və fəliyyətini əks etdirən ekspozisiyalarla tanış olub, Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş yeniyetmə və gənclərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər.
Tədbirdə çıxış edənlər şəhər icra hakimiyyəti başçısının müavini Teymur Səmədov, millət vəkili Tahir Mirkişili, şəhər bələdiyyəsinin sədr müavini, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Gənc İstedadlara Dəstək Fondunun təsisçisi Musa Həsənov, əməkdar bədən tərbiyəsi və idman xadimi Firdovsi Ömərov və ictimai-fəal gənc Pəri Vəliyeva Müstəqillik Gününün Bərpasının tarixi əhəmiyyətindən, ulu öndərin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən, Heydər Əliyevin dərin siyasi kursunu, yüksək amallarını layiqincə yaşadan və davam etdirən Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış nailiyyətlərdən danışıblr.
Qeyd olunub ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, iqtisadiyyatın dayanıqlı inkişafı təmin edilib, dövlətimiz beynəlxalq birlikdəki yerini möhkəmləndirilib və dünya miqyasında söz sahibi olub.
Tədbir istedadlı gənc musiqiçilərin canlı ifaları ilə davam edib.