"2017-ci il üçün Azərbaycan dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollardan hesablanıb və neft qiymətlərinin dəyişməsi zamanı Bakını heç bir risk gözləmir".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik" agentliyinə müsahibəsində deyib.
"Biz bu ilin büdcəsində neftin bir barelinin qiymətini 25 dollardan hesablamışdıq. Bununla biz ili profisitlə başa vururuq. Gələn il üçün bu rəqəm 40 dollar nəzərdə tutulub. Hesab edirik ki, neftin qiyməti bundan aşağı həddə düşməyəcək. Odur ki, prinsipcə, bizə əlavə çətinliklərin yaranacağına inanmıram. Biz yalnız dövlət investisiya layihələrini azaltmalı olduq", - deyə Prezident İlham Əliyev "Rusiya bu gün" Beynəlxalq İnformasiya Agentliyinin direktoru Dmitri Kiselyovun sualını cavablandırarkən bildirib.
Prezidentin sözlərinə görə, bu gün üçün əsas məsələlər ixracın diversifikasiya edilməsi, rəqabətədavamlı məhsullarla bazarlara çıxılması və neft qiymətlərinin aşağı düşməsi ilə Azərbaycanın üzləşdiyi valyuta itkilərini əvəz etməkdir.
"Bəlkə də bu, yaxşılığa doğrudur. Çünki həddən çox investisiya və həddən çox tələbat var idi. Bilirsiniz, çoxlu pul olanda müxtəlif dövlət orqanlarından xeyli sayda sifariş gəlir. Bu mənada neftin qiymətindəki böhran bizi hətta bir qədər təkmilləşdirdi, göstərdi ki, vəsaitlərdən qənaətlə iqtisadi etmək lazımdır", - deyə İlham Əliyev vurğulayıb.