Mənimsəmədə təqsirləndirilən "İnteralyans MMC təsisçisi Cavidan Hacıyev və "Meridian Company MMC-nin təsisçisi və direktoru Rauf Kərimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Rauf Kərimov 13 il 11 ay, Cavidan Hacıyev isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda "İnteralyans" MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə "Transalyans", "Qarant-Ko" MMC və digər şirkətlər yaratmaqla onların adına "Bank Technique" ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat, "Meridian Company" MMC-nin təsisçisi və direktoru Rauf Kərimovun eyni üsulla müxtəlif vaxtlarda hissə-hissə 25 milyon 756 min 547 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəmələrində, habelə Cəmiyyətin qanuni mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib.