"Dövlət müstəqilliyi ilə bağlı təşkil edilən tədbirlərə məni dəvət etmirlər. 4 ildir ki, Bakıdayam, amma bir dəfə də olsun, belə mərasimlərə görə məni axtaran olmayıb. Səbəbini deyə bilmərəm.

Unikal.org xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında eks-prezident Ayaz Mütəllibov deyib.

O əlavə edib ki, taleyüklü qərarın qəbul edilməsində tək iştirak etməyib:

"Dövlət müstəqilliyi ilə bağlı Konstitusiya Aktına deputatların əsas hissəsi öz imzasını qoymuşdu. Biz millətimizi birliyə çağırırıqsa, niyə narazılıq yaratmalıyıq? Müstəqillik Aktında kimin ki imzası var, onlar dərin hörmətə layiq insanlardır. Müstəqillik məsələsi könüllü idi. Heç kimlə məsləhətləşməmişdik. Oktyabrın 18-də müstəqilliyimizi elan etdiyimiz gün kimsə deyə bilməzdi ki, Sovet İttifaqı məhv olacaq. Heç kəsin də xəbəri yox idi ki, nə vaxtsa 3 müttəfiq respublika bir araya gəlib sənədə qol çəkəcək və SSRİ buraxılacaq. Biz o zaman böyük riskə getdik. Suverenliyin dolğun şəkildə təmin olunmasına nail olduq. 1991-ci ilin əvvəlindən bu işə başlamışdıq.

Eks-prezident müstəqillik bərpa olunandan sonra heç bir təzyiqlə qarşılaşmadığını dilə gətirib:

"Həmin vaxt çox gərgin və təlatümlü idi. Moskvanın özündə elə hadisələr baş vermişdi ki, olanları qiymətləndirəndə görürsən ki, vəziyyət qarışıq idi. Ali Sovetin sədri, rəhmətlik Elmira Qafarova ilə söhbət edəndə dedik ki, artıq müstəqilliyimizi elan etməyin zamanıdır. Daha sonra Ali Sovetin tərkibində olan qurumlar, təşkilatlar layihə hazırlamağa başladılar. Ali Sovetin binasında Müstəqillik Aktına imza atdıq. Sovet hakimiyyəti buna görə bizə təzyiq göstərə bilmədi.