"Hərbi qulluqçular şəhid olarkən onların ailələrinə ödənilən sığorta haqqının məbləği 10 dəfə artırılmalıdır. Hesab edirəm ki, bu, dövlətin şəhid ailələrinə verdiyi ciddi yardım olar".
Unikal.org bildirir ki, bu barədə azvision.az-a millət vəkili Aydın Mirzəzadə deyib.
Bununla bağlı Milli Məclisdə məsələ qaldıran deputat bildirib ki, hazırda şəhidlərə dövlət tərəfindən ödənilən sığorta pulunun məbləği azdır: "Bu məbləğ 10 min manatdır. Milli Məclisin son plenar iclasında sığorta haqqının 10 dəfə artırılmasını təklif etdim. Çünki qarşıdan büdcə müzakirələri gəlir. Çox istərdim ki, hökumət büdcə müzakirələri zamanı təklifimi nəzərə alsın".
A.Mirzəzadə xatırladıb ki, oktyabr ayından başlayaraq Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr keçiriləcək: "Müzakirələrdə Maliyyə Nazirliyi qarşısında bu rəqəmin təsis edilməsini xahiş edəcəyəm. 10 min manat o qədər də böyük məbləğ deyil. Eyni zamanda şəhid ailəlidirsə, bu məbləğ ailə üzvləri arasında bölünür. Bu, çox az məbləğdir.
Nəzərə alsaq ki, il ərzində çox sayda şəhidimiz olmur. Bu baxımdan şəhid ailəsinə ödənilən sığorta məbləğinin 10 dəfə artırılaraq 100 min olmasını təklif edirəm. Bunun üçün Maliyyə Nazirliyinin xüsusi hesabında ehtiyatdan 10 milyon manat saxlanıla bilər. Bu, ciddi bir rəqəmdir. Şəhid ailəsi bu məbləği banka depozit qoya, özünün biznes fəaliyyətini genişləndirə, torpaq ala, mənzil şəraitini yaxşılaşdıra bilər. Bu dövlətin onlara çox ciddi yardımı kimi qiymətləndirə bilər".